NEWS
20:35, 16.08.2022
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları beynəlxalq vebinarda iştirak etmişlər
Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, icraçı direktoru, b.ü.f.d. Mehrac Abbasov, elmi katibi b.ü.f.d. Natavan Kələntərova, Rüşeym plazması laboratoriyasının müdiri, b.ü.f.d. Sevinc Ə. Məmmədova və həmin laboratoriyanın baş mütəxəssisi İlhamə Mirzəliyeva Bitki Genetik Ehtiyatları üzrə Qlobal Etimad Fondunun “İqlim dəyişmələri fonunda biomüxtəliflik üçün yeni imkanlar və inkişaf” layihəsi çərçivəsində təşkil olunan genbanklar üçün “Keyfiyyətli İdarəetmə Sisteminin prinsipləri” mövzusunda vebinarda iştirak etmişlər. Vebinara tanınmış beynəlxalq ekspert Janny van Beem geniş təqdimatla çıxış etmiş və Milli genbankların idarəedilməsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən hazırlanan “Genbank standartları” təlimatının istifadəsinin vacibliyini vurğulamış və təlimatın 8 əsas prinsipini ətraflı şəkildə izah etmişdir. Qeyd olunmuşdur ki, hər ay genbankla bağlı vebinarlar təşkil olunacaq və layihəyə qoşulmuş ölkələrin genbanklarında keyfiyyətli idarəetmənin qurulması üçün hərtərəfli dəstək göstəriləcəkdir.
Aparılmış müzakirələr nəticəsində beynəlxalq ekspertlərin iştirakı ilə genbank idarəçiliyi ilə bağlı ilk seminarın Azərbaycanda keçirilməsi qərara alınmışdır.
Tədbirdə dünyanın 15 ölkəsini təmsil edən genetik ehtiyatların saxlanılması üzrə mütəxəssislər və Bitki Genetik Ehtiyatları üzrə Qlobal Etimad Fondunun koordinatoru Nelissa Jamora iştirak etmişdir.