NEWS
16:26, 16.08.2022
Genetik Ehtiyatlar İnstitutunda tanınmış Azərbaycanlı alim ilə görüş keçirilmişdir
Genetik Ehtiyatlar İnstitutunda (GEİ) ABŞ-ın Birləşmiş Genom İnstitutunun aparıcı elmi işçisi, GEİ-nin Beynəlxalq Kompüter Genomikası laboratoriyasının müdiri, bioinformatika və kompüter genomikası sahəsində tanınmış alim, prof. Asəf Salamovla görüş keçirilmişdir. GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov qonağı salamlamış, onun elmi rəhbərliyi ilə GEİ-də fəaliyyət göstərən Beynəlxalq kompüter genomikası laboratoriyasında aparılan elmi tədqiqat və kadr hazırlığı üzrə işləri, eləcə də nar genomu üzrə tədqiqatlarda əldə edilən elmi nəticələri yüksək qiymətləndirmişdir. Z.Əkpərov bildirmişdir ki, Möhtərəm Prezident İlham Əliyev cənablarının müvafiq fərmanı ilə İnstitut Elm və Təhsil Nazirliyinin tərkibinə keçirilmiş, elm və təhsilin inteqrasiyası, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, eləcə də fundamental və tətbiqi tədqiqatların daha da genişləndirilməsi üçün yeni imkanlar açılmışdır. Yeni yaranan imkanlardan istifadə etməklə GEİ-də aparılan tədqiqatlar dərinləşdiriləcək, müasir dünya elminə sıx inteqrasiya olunmaq üçün fəaliyyətlər gücləndiriləcək, yüksək ixtisaslı kadr hazırlığına daha çox diqqət ayrılacaq, eləcə də alimlərin dünyanın nüfuzlu, impakt faktorlu jurnallarında daha çox elmi əsər dərc etdirmələrinə dəstək göstəriləcəkdir. Asəf Salamov GEİ-də aparılan elmi tədqiqat işlərini, nar və eqilops genomlarının oxunması üzrə əldə edilmiş elmi nəticələri yüksək qiymətləndirmiş və gələcəkdə biologiya elminin yeni sahələri – metagenomika, tək hüceyrə sekvensi, data elmi və s. istiqamətlərdə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulamışdır. Daha sonra A.Salamovun rəhbərlik etdiyi Beynəlxalq kompüter genomikası laboratoriyasında aparılan elmi tədqiqat işləri və gələcək elmi istiqamətlər haqda geniş fikir mübadiləsi aparılmışdır.
Prof. Asəf Salamov beynəlxalq miqyasda tanınan və elmi məqalələrinə ən çox istinad olunan dünyanın ən məhşur alimlərindən biridir. Onun elmi əsərlərinə 56000-dən çox istinad edilmiş və hirş indeksi 86-dır. Alimin çox sayda məqaləsi dünyanın nüfuzlu, yüksək impakt faktorlu jurnallarında, eləcə də tanınmış “Nature” və “Science” jurnallarında dərc olunub.
Görüşdə GEİ-nin icraçı direktoru, Molekulyar genetika və genomika şöbəsinin müdiri, b.ü.f.d. Mehrac Abbasov, İnsan genetikası laboratoriyasının müdiri Bayram Bayramov, Beynəlxalq kompüter genomikası laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Vaqif Əmikişiyev və laboratoriyanın digər əməkdaşları iştirak etmişdir.