NEWS
14:52, 05.07.2022
AMEA Genetik Ehtiyatlar İnstitutunun daha bir əməkdaşı elmlər doktoru diplomuna sahib oldu

AMEA Genetik Ehtiyatlar İnstitutunun(GEİ) elmi və elmi təşkilatı fəaliyyətinin hərəkətverici qüvvəsi hesab edilən alimlər ordusunun daha bir əməkdaşına , GEİ-nin Biokimyəvi genetika və texnologiya şöbəsinin müdiri Sadıqov Hamlet Bəykişi oğluna 2022-ci il 30 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmlər doktoru diplomu təqdim olunmuşdur. Diplomu iddiaçıya təqdim edən AAK-nın sədri, professor Famil Mustafayev alimin elmi yaradıcılıq fəaliyyətini çox yüksək qiymətləndirmişdir.

Hamlet Sadıqov AAK-nın AMEA-nın Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.26 Dissertasiya şurasında 2021-ci il 04 apral tarixində “ Tetraploid buğda genotiplərinin zülal polimorfizmi və keyfiyyət əlamətlərinin genetik markerlərlə əlaqəsi ” mövzusunda Biologiya elmləri 2409.01 - Genetika ixtisası üzrə elmlər doktoru dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.

GEİ-də 1988- ci ildən genetika və seleksiya ixtisası üzrə Odessada Ümumittifaq Genetika və Seleksiya İnstitutunda aspiranturada təhsil aldığı vaxtdan fasiləsiz olaraq elmi işlə məşğul olan alim, 2004-cu ildən doktorluq dissertasiyası ilə bağlı tədqiqatlarını davam etdirmiş, 85 əsəri respublika və beynəlxalq səviyyəli jurnallarda dərc olunmuşdur.

O, bütün əmək fəaliyyətini yalnız elmi tədqiqatların aparılmasına həsr eləmiş və tədqiqat obyekti ərzaq təhlükəsizliyi baxımından çox mühüm əhəmiyyət kəsb edən buğda (Tetraploid) olan, biologiya elmləri doktoru Hamlet Sadıqov, həm də ən yüksək insani keyfiyyətləri özündə ehtiva edən, respublikada və beynəlxalq miqyasda elmi ictimaiyyətdə və kollektivdə özünəməxsus nüfuzu və hörməti olan , yüksək mənəvi dəyərlərə malik alimdir. Ona yaradıcı-məhsuldar emi fəaliyyətində yeni-yeni uğurlar!