NEWS
21:39, 25.05.2022
AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun magistrantlarının dissertasiya işlərinin ilkin müzakirəsinə başlanıldı
AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun magistraturasında Aqronomluq - “Bitkilərin mühafizəsi” və “Bitkilərin seleksiyası” ixtisasları üzrə təhsil alan II kurs magistrantların dissertasiya işlərinin şöbələrin birləşmiş seminarında 2022-ci il 25 may tarixində ilkin müzakirəsi keçirilmişdir. İnstitutun icarçı direktoru, b.ü.f.d., dosent Mehrac Abbasov bildirmişdir ki, magistrtatura pilləsi üzrə İnstitutda kadr hazırlığı 2015-ci ildən başlayaraq həyata keçirilir və hal-hazırda 4 ixtisasda magistrant hazırlığı uğurla davam etdirilir.
Seminarda ilk olaraq “Bitkilərin mühafizəsi” ixtisası üzrə təhsil alan Türanə Həsənova “Lobya (Phaseolus vulgaris L.) genotiplərinin antraknoz xəstəliyinə davamlılığının molekulyar genetik tədqiqi” mövzusunda dissertasiya işini müvafiq qaydada təqdim etmişdir.
“Bitkilərin seleksiyası” ixtisası üzrə təhsil alan magistrant Rəhim Rəhimov isə “Buğdanın yadcinsli amfiploidlərinin sitogenetik tədqiqi və seleksiyada istifadəsi” mövzusunda yerinə yetirdiyi dissertasiya işi üzrə təqdimatla çıxış etmişdir.
Hər iki magistrantın əldə etdiyi elmi nəticələr, suallara verilən dolğun cavablar və dissertasiyanın nəticələrinə aid çox sayda dərc olunan yerli və beynəlxalq elmi əsərlər seminar iştirakçıları tərəfindən yüksək qiymətləndirilmiş və dissertasiya işilərinin əsas müdafiəyə buraxılması tövsiyə olunmuşdur.
Təhsil, Dənli taxıl və paxlalı bitkilər, İmmunogenetika, Molekulyar sitogenetika, Molekulyar genetika və genomika, Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbələrinin mütəxəssisləri, magistrantların elmi rəhbərləri- Molekulyar genetika və genomika şöbəsinin aparıcı elmi işçisi, b.ü.f.d. Sevda Babayeva, Molekulyar sitogenetika şöbəsinin aparıcı elmi işçisi, b.ü.f.d. Səbinə Mehdiyeva, eləcə də İnstitutun gənc alim və mütəxəssisləri seminarda iştirak etmişlər. İnstitutun magistrantlarının dissertasiya işlərinin ilkin müzakirələri davam edir.