NEWS
22:00, 30.04.2022
AMEA Genetik Ehtiyatlar İnstitutunun elmi tədqiqat bazalarında tarla təcrübələri tədqiqatları uğurla davam etdirilir

AMEA Genetik Ehtiyatlar İnstitutunun mövzu planlarına uyğun olaraq respublikanın ayrı-ayrı rayonlarında fəaliyyət göstərən struktur bölmələrinin tarla təcrübələri tədqiqatları uğurla davam etdirilir. Ətraf mühitdə qlobal iqlim dəyişkənliyi ilə bağlı yaranan stres amillərə davamlı, yüksək kəmiyyət və keyfiyyət göstəricilərinə malik intensiv tipli və plastik-adaptiv bərk və yumşaq buğda genofondunun yaradılması və onların uyğun ekocoğrafi şəraitlərdə sınağının aparılması məqsədilə müvafiq sortların, növdaxili və növlərarası yeni hibrid nəsillərinin yaradılmsına başlanılmışdır. Perspektiv xətlərin müxtəlif təcrübə sahələrində kompleks əlamət və xüsusiyyətlərə görə qiymətləndirilməsi gələcəkdə yeni, yüksək aqrofona tələbkar, ətraf mühitin əlverişsiz amillərinin təsirlərinə davamlı intensiv tipli və adaptiv bərk və yumşaq buğda sortlarının yaradılmasına imkan verəcəkdir.

GEİ-nin Qarabağ Elmi-Tədqiqat Bazasının otuz hektaradək əkin sahəsində aqrotexniki qulluq müvafiq qaydalara uyğun olaraq həyata keçirilmiş, taxıl sortlarının toxum pitomnikləri, kolleksiya nümunələri etiketlənmiş, əkin sahəsinə yemləmə gübrəsi verilmiş və aşkar olunan ziyanvericilərə qarşı aqrokimyəvi mübarizə tədbirləri aparılmış və əkin sahəsi tarla seminarlarının keçirilməsi üçün hazırlanmışdır. Toxumçuluğun inkişaf etdirilməsi istiqamətində Qarabağ və Zəngəzur iqtisadi rayonları şəraitində Maya, Start, Cənub və Almaz buğda sortlarının tarla sınaqlarının və həyata keçirilmiş aqrotexniki tədbirlərin nəticələri qiymətləndirilmişdir. Kolleksiya pitomnikində əl səpinləri aparılmış Milli Genbankda saxlanılan yüzlərlə buğda nümunəsi sortlarının bölgəyə uyğunluğu da öyrənilir.

Genetik Ehtiyatlar İnstitutunun Dənli, taxıl, paxlalı bitkilər, Biokimyəvi genetika və texlologiya və Molekulyar sitogenetika şöbələrinin əməkdaşları tərəfindən təcrübə sahəsində yumşaq və bərk buğda genotipləri arasında yeni hibrid nəsillərin yaradılması və xəttlərdə əlamətlərin irsikeçmə xüsusiyyətlərinin öyrənilməsi davam etdirilir. Yaradılan yenil nəsil hibridlərin molekulyar, sitogenetik və elektroforetik analizlər nəticəsində daha məhsuldar, yüksək keyfiyyətli və stres amilərə davamlı formalrın seçilərək tarla şəraitində sınaqları davam etdirilməkdədir. Seçilmiş prespektiv genetik materiallarda molekulyar və protein markerlər əsasında genetik müxtəlifliyi, sort təmizliyi və toxum matrerialının özünəməxsusluğu müəyyən edildikdən və nəticələri tarla təcrübələrində sınaqdan keçirildikdən sonra onların rayonlaşdırılmasına start veriləcəkdir.