NEWS
15:57, 08.02.2022
AMEA Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun “Xalq qəzeti”nin 06 fevral 2022-ci il tarixli sayında nəşr edilmiş və ölkənin kütləvi informasiya vasitələrində geniş yayımlanan “Milli genofondun öyrənilməsi: nailiyyətlər, perspektivlər və qlobal çağırışlar” məqaləsi elmi ictimaiyyətin diqqət mərkəzindədir.

AMEA-nın Genetik Ehtiyatlar İnstitutu müəssisədə aparılan fundamental tədqiqatların dərinləşdirilməsi və elmin müasir istiqamətləri üzrə dünya elminin çağırışlarına qoşulmaq məqsədilə insan genetikası, kompüter genomikası və kök hüceyrəsi sahəsində dünyanın aparıcı elmi-tədqiqat mərkəzləri ilə əlaqələr qurub, xaricdə təhsil almış gənc tədqiqatçıları cəlb etməklə bu sahədə çoxlu sayda kadrlar hazırlayıb.

Bu barədə Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov məlumat verib.

Z.Əkpərov qeyd edib ki, genetika elminin ən müasir istiqamətləri üzrə tədqiqatların sistemli şəkildə aparılmasını təmin etmək üçün institutda 2015-ci ildə İnsan genetikası laboratoriyası, 2018-ci ildə isə Beynəlxalq kompüter genomikası laboratoriyası yaradılıb və müasir metodlarla tədqiqatlara başlanılıb.

“İnsan genetikası sahəsində dünyanın bir çox elmi mərkəzləri ilə yanaşı, Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi, Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya Transfiziologiya İnstitutu və başqaları ilə əməkdaşlıq müqavilələri imzalanıb və hazırda birgə tədqiqatlar aparılmaqdadır”, - deyə baş direktor qeyd edib.

Alimin sözlərinə görə, 2021-ci ildə İnsan genetikası laboratoriyasında “İrsi və anadangəlmə xəstəliklərin molekulyar-genetik və epigenetik tədqiqi, diaqnostik və proqnostik əhəmiyyətli mutasiyaların müəyyənləşdirilməsi” istiqamətində tədqiqatlar davam etdirilərək bir sıra mühüm elmi nəticələr əldə edilib: “Yoğun bağırsaq xərçəngi diaqnozu qoyulan xəstələrin toxuma nümunələrində müxtəlif genlər üzrə 10 mutasiya aşkar edilərək tipləri müəyyən edilib. Düşən əzələ distrofiyası xəstəliyi üzrə üç mutasiya aşkar edilib. İnsan genetikası sahəsində tədqiqatlar genom və ekzom səviyyəsində davam etdirilməkdədir”.

Genom sahəsində aparılan tədqiqatlardan danışan Z.Əkpərov bu zaman əldə edilən böyük həcmdə verilənlərin müasir kompüter proqramlarının köməyi olmadan analiz etmək zərurətinin yarandığını diqqətə çatdırıb.

O, institutda fəaliyyət göstərən Beynəlxalq kompüter genomikası laboratoriyasında “Mövcud bioinformatik resurslardan istifadə etməklə genom verilənlərinin müqayisəli analizi, yeni bioinformatik proqramların və məlumat bazasının yaradılması” ilə bağlı tədqiqatların uğurla davam etdirildiyini vurğulayıb.

Qeyd edib ki, laboratoriyanın alimləri tərəfindən müxtəlif orqanizmlər üçün əldə edilmiş genom verilənlərinin analizi həyata keçirilib, 2021-ci ildə laboratoriyanın mütəxəssisləri Rusiya Elmlər Akademiyasının elmi tədqiqatçıları ilə birgə ilk dəfə olaraq oxşar tənzimləyici genetik kodları axtarmaq və onların translyasiyanın səmərəliliyinə təsirini öyrənmək məqsədilə “JetGene” internet resursu (https://jetgene.bioset.org) hazırlayıb və dünya alimlərinin ixtiyarına veriblər.

İnstititun baş direktorunun bildirdiyinə görə, əldə edilən elmi biliklərin təcrübi əhəmiyyətini artırmaq, eləcə də tibbi genetika sahəsində klinikaların tələbatını ödəmək, xüsusilə xaricə göndərilən valyutanın ölkədə qalmasını təmin etmək məqsədilə 2016-cı ildən başlayaraq institutda kök hüceyrəsi sahəsində müasir səviyyədə tədqiqatların aparılması üçün müxtəlif ölkələrin elmi mərkəzləri ilə elmi əməkdaşlıq əlaqələri yaradılıb: 2018-2020-ci illərdə AMEA tərəfindən maliyyələşdirilən “Bədxassəli şişlər zamanı xərçəng kök hüceyrələrinin İNF-α vasitəsilə aktivləşdirilməsinin müalicəvi və proqnostik əhəmiyyəti” adlı elmi-tədqiqat proqramı uğurla həyata keçirilərək kök hüceyrəsi üzrə elmi baza formalaşdırılıb, ABŞ, Fransa və Türkiyədən olan tərəfdaşların köməkliyi ilə kadr hazırlığı həyata keçirilib”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.