NEWS
13:59, 19.01.2022
Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunda 20 Yanvar Ümumxalq Hüzn Gününün 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi
Genetik Ehtiyatlar İnstitutunda 19 yanvar 2022-ci il tarixdə karantin qaydalarına əməl olunmaqla “20 Yanvar faciəsi: Azərbaycan xalqının həmrəyliyinə, milli azadlığına və insanlığa qarşı İmperiyanın həyata keçirilən faşizm aktı” mövzusunda anım tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun müraciətinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda dünyasını dəyişmiş bütün vətən övladlarının, “20 Yanvar ”ın, 1 və 2-ci Qarabağ müharibəsinin şəhidlərinin xatirəsi 1-dəqiqəlik sükutla yad edilib.
Zeynal Əkpərov bildirib ki, 20 Yanvar günü Azərbaycan tarixinin qanlı hadisəsi olmaqla yanaşı, həm də xalqın Qəhrəmanlıq səlnaməsidir. Dövlətinin nüfuzunu, ərazi bütövlüyünün toxunulmazlığını, xalqının azadlığını hər şeydən üstün tutan Azərbaycan vətəndaşları 1990-cı ilin 19 yanvarından 20-nə keçən gecə şəhidlik məqamı zirvəsinə ucalıb şəhid, yaralanıb qazi oldular. Ölkə ərazisinin suverenliyinə ermənilərin təcavüz etməsi cəhdlərinə və Dağlıq Qarabağın Ermənistana birləşdirmək şüarlarına, 1988-ci ildə Şuşanın Topxana meşəsinin qırılmasına ümumxalq etirazı olaraq noyabrın 17-də Bakının Azadlıq meydanında keçirilən mitinqlərdən bu məqama yüksəldilər, şəhidlər. Türk xalqlarının vətəninə, torpağına çox güclü bağlılığı milli şüurunu dərk etməyən və nəzərə almayan düşmənlər bu səbəbdən onun iradəsinin qırılmasına müyəssər olmadılar. Odur ki, ölkənin 20% ərazisi 30 ildən çox müddətdə Ermənistanın işğalı altında qalmasına baxmayaraq, aparılmış düzgün dövlət siyasəti nəticəsində Azərbaycanın Müzəffər Ordusunun 2020-ci ildə 44 günlük 2-ci Qarabağ müharibəsində qazandığı Böyük Zəfər 20 yanvar, 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidlərinin ruhlarını şad elədi, xalqın qürur və mübarizlik ruhunu bir daha gücləndirdi.
Daha sonra Azərbaycan xalqının XX əsrin sonu və XXI əsrin əvvəllərini əhatə edən 30 illik azadlıq-mübarizlik tarixi səhifələrini, görüntülərini özündə əks etdirən 20 yanvar faciəsinə və Böyük Zəfərə dair video çarxlar nümayiş etdirildi. Şərhi verilməyən və yalnız canlı hadisələri əks etdirən 20 yanvar faciəsinə dair 5 dəqiqəlik video çarxı izləmək nə qədər çətin, ağrılı və göz yaşlarına və ya qəhərlənməyə səbəb olsa da, Böyük Zəfərə dair 5 dəqiqəlik şərhli video çarx isə tədbir iştirakçılarının sanki yaralarına məlhəm oldu.
İnstitutun Fizioloji genetika şöbəsinin müdiri b.e.d., professor Ramiz Əliyev, Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, b.ü.f.d.Vəli Qarayev 20 yanvar faciəsinin canlı şahidləri olaraq öz təəssüratlarını bildirdilər.
Böyük Zəfərin 1-ci ildönümündən sonra ilk dəfə olaraq Genetik Ehtiyatlar İnstitutunda keçirilən 20 Yanvar faciəsinə həsr olunan bu ilki tədbirin iştirakçılarının bir gözü yaşlı olsa da , digər gözü sevincli idi. Odur ki, bu dünyada sevinci və kədəri bizlərə bəxş edən Tanrıya şükürlər olsun və şəhidlərimizə Allah rəhmət eləsin! Ruhları şad olsun!