NEWS
20:20, 04.12.2021
AMEA Genetik Ehtiyatlar İnstitutunun alimlərinin yaratdıqları 5 bitki sortuna patent verilmişdir
AMEA Genetik Ehtiyatlar İnstitutunun 03 dekabr 2021-ci il tarixində keçirilən Elmi Şurası İnstitutun cari ildə 5 seleksiya nailiyyətinin müəllifləri ilə görüşünə və onlara Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Dövlət Reyestrində qeydə alınmış patentlərin təqdimatına həsr olunmuşdu. Şuranın sədri, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov çox yüksək fərəh hissi ilə Şuranın üzvlərini və iclasın digər iştirakçılarını salamladı və rayonlaşdırılmış sortların müəlliflərini təbrik etdi. Z.Əkpərov qeyd etdi ki, 2021-ci ildə İnstitut əməkdaşlarının 2 yumşaq buğda, 1 bərk buğda, 1 arpa və 1 nar sortu rayonlaşdırılaraq patent və müəlliflik şəhadətnamələri alınmışdır.
AMEA-nın müxbir üzvü Zeynal Əkpərov sort müəlliflərini (“Almaz” yumşaq buğda sortunun müəllifləri: A.M. Abdullayev, Z.İ. Əkpərov, X.N. Rüstəmov, M.Ə. Abbasov, E.B. Rəfiyev, H.M. Mehdiyev və F.C. Qurbanov; “Leyla” yumşaq buğda sortunun müəllifləri: Z.İ.Əkpərov, M.Ə.Abbasov, F.A.Şeyxzamanova, S.P.Rzayeva, X.N.Rüstəmov və H.B.Sadıqov ; “Alyans” bərk buğda sortu seleksiya nailiyyətinin müəllifləri : Z.İ.Əkpərov, A.M. Abdullayev, X.N.Rüstəmov, M.Ə. Abbasov, H.B.Sadıqov; “Nur” Payızlıq arpa sortunun müəllifləri: Z.İ. Əkpərov, S.M. Məmmədova, H.C. Həşimova, V.Ə. Abbasov, N.S. Əhmədov; Narın “Fatimə” sortunun müəllifləri Z.İ.Əkpərov, N.Ə.Həsənov, S.V.Hacıyeva və E.S.Hacıyev) bir-bir təbrik edərək müəlliflik şəhadətnamələrini təqdim etdi və bildirdi ki, bu nailiyyətlər ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının ödənilməsinə böyük köməklik göstərəcəkdir.