NEWS
16:42, 23.10.2021
Azərbaycan alimləri Qarabağ Elmi-Tədqiqat Bazasının bərpa olunmasına görə Müzəffər Ali Baş Komandana minnətdardırlar

Oktyabrın 22-də Tərtər rayonunun Şıxarx qəsəbəsində keçirilən, böyük Zəfər gününə həsr olunmuş “AMEA Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası, bölgə üçün yaradılmış buğda va arpa sortlarının toxumçuluğunun təşkili məsələləri” mövzusunda tarla seminarının iştirakçıları Tərtərin Suqovuşan qəsəbəsini ziyarət ediblər.

Səfər zamanı Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və digər tədbir iştirakçılarına uzun müddət düşmən tapdağı altında olmuş və tamamilə sıradan çıxmış, dağıdılmış qəsəbənin bərpası istiqamətində görülmüş işlər haqqında məlumat verilib.

Bildirilib ki, Suqovuşanın işğaldan azad olunması ilə Bərdə, Goranboy, Naftalan, Yevlax, Ağcabədi rayonları daxil olmaqla təxminən 30 min hektara yaxın əraziyə ilk dəfə su verilib. Suqovuşandan gələn suyun idarə olunması üçün Xan arxının layihəsinin də artıq yekunlaşma mərhələsində olduğu vurğulanıb.

Səfərdə iştirak edən alim və tədqiqatçılar Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə işğaldan azad olunmuş ərazilərin, o cümlədən AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının bərpa edilməsinə görə minnətdar olduqlarını ifadə ediblər.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.