NEWS
12:51, 28.11.2020
AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşlarının monoqrafiyası nəşr olunmuşdur

AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları – biologiya üzrə fəlsəfə doktoru, dosent Xanbala Rüstəmov, biologiya üzrə fəlsəfə doktoru, dosent Mehrac Abbasov və biologiya üzrə fəlsəfə doktoru Sevda Babayevanın müəllifliyi ilə “Azərbaycanın buğda genofondu” adlı monoqrafiya nəşr edilmişdir. Monoqrafiyada Triticum L. cinsinin botaniki təsviri, müasir təsnifatı, buğdaların ontogenezi, genofondu, yayılma arealları, növ tərkibi, ekotipləri və genetik müxtəliflikləri haqqında elmi məlumatlar öz əksini tapmışdır. Azərbaycanda yayılmış buğdaların növ, növaltı, növmüxtəliflikləri, qrupları və yarımqruplarının təyinatında, Azərbaycan dilində ilk dəfə olaraq Ümumrusiya Bitkilərin Genetik Ehtiyatları İnstitu­tunda (VİR) tərtib edilmiş dixotomik açarlardan (Дорофеев, Филатенко и др., 1979, 1980) istifadə edilmişdir. Ekotiplərə əsasən qruplaşdırılmış botaniki növmüxtəlif­liklərinin təyinatı isə, yenə də VİR təyinedicisinə əsasən cədvəl açarları şəklində veril­mişdir. Elmi əsərdə Azərbaycanda buğdaların seleksiyasının qısa inkişaf tariхi, müasir vəziyyəti və perspektivləri işıqlandırılmışdır. Monoqrafiya universitetlərin biologiya və aqrar elmləri ixtisasları üzrə bakalavr və magistrlər, doktorant və dissertantlar, elmi işçilər və k/t mütəxəssisləri üçün nəzərdə tutulmuşdur. Biologiya və aqrar elmləri üzrə ixtisas kurslarının hazırlanmasında mono­qrafiyadan istifadə edilməsi tövsiyə edilir. Tədqiqat işlərinin müəyyən hissəsi Azərbaycan Respublikası Prezidentinin yanında Elmin İnkişafı Fondunun qrantı (Qrant № EIF-2011-1(3)-82/52/3-M-69) və BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən həyata keçirilən “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” layihəsinin maliyyə dəstəyi ilə yerinə yetirilmişdir.

Monoqrafiya Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun Elmi Şurasının 02 oktyabr 2020-ci il tarixli (protokol № 05) qərarı ilə çap olunmuşdur.

İnstitutun rəhbərliyi müəllifləri təbrik edir və onlara elmi işlərində uğurlar arzulayır.

 

Download here>>>

 

© www.genres.az