Möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu işğal altında olan ərazilərimizi erməni qəsbkarlarından azad etmiş, Qarabağın tacı sayılan Şuşa şəhərində və digər ərazilərimizdə üçrəngli qələbə bayrağımız ucaldılmış və ərazi bütövlüyümüz təmin edilmişdir. Hazırda qarşımızda işğaldan azad edilmiş ərazilərdə aqrobiomüxtəlifliyin təftişi, bitkiçilik, meyvəçilik, üzümçülük və yemçiliyin bərpa və inkişaf etdirilməsi kimi mühüm vəzifələr durur.
Məlumdur ki, 1988-ci ildən erməni təcavüzkarlarının işğalı nəticəsində Azərbaycan torpaqlarının 20%-ə qədəri zəbt edilmiş, qədim yaşayış məskənlərimiz, əkinçilik sistemi, bitkiçilik, heyvandarlıq sahələri dağıdılmış, bütövlükdə bölgədə bitki və heyvanat aləmi məhv olmaq təhlükəsinə məruz qalmış, ekoloji tarazlıq pozulmuşdur. Möhtərəm Prezidentin azad edilmiş ərazilərə səfərləri və yayılan videogörüntülər də bunu bir daha təsdiq etmişdir.
Yuxarı Qarabağ və işğal edilmiş ətraf rayonlar əsasən dağlıq ərazidə yerləşir, mürəkkəb relyefə, kontinental iqlim şəraitinə və münbit torpaqlara malik olduğundan bu ərazilər həmişə mədəni və yabanı əcdad bitkilərin biomüxtəlifliyi baxımından seçilmişdir. İşğala qədər bölgədə beynəlxalq ekspertlərin və tanınmış alimlərin iştirakı ilə çoxsaylı ekspedisiyalar keçirilmiş və belə qənaətə gəlinmişdir ki, Qarabağ biomüxtəlifliyin genetik ehtiyatlarının zənginliyinə görə ümumən Qafqaz regionunda seçilir. Burada mədəni bitkilərin yabanı əcdadları geniş yayılmış, çox sayda nadir və endemik növlər mövcud olmuşdur. Buğda bitkisinin bir sıra becərilən (Triticum aestivum, T.durum, T.compactum və s.) və yabanı (T.urartu, T.boeoticum və s.) növləri, qarğıdalı, noxud və üzüm regionun xarekterik bitkilərindən olmuşdur. Qarabağ bölgəsi bir sıra efiryağlı, aromatik, dərman, bəzək və digər qeyri-ənənəvi bitkilərin də vətənidir. Təəssüf hissi ilə demək olar ki, işğal nəticəsində minlərlə hektar əkinəyararlı ərazi hərbi tullantılarla çirkləndirilmiş, Azərbaycan iqtisadiyyatına və dünya genofonduna milyardlarla manat həcmində ziyan vurulmuşdur.
Qeyd etmək istəyirəm ki, işğaldan azad edilmiş ərazilərin bərpası, aqrobiomüxtəlifliyinin qiymətləndirlməsi və torpaqlardan səmərəli istifadənin təmin olunması ilə bağlı məsələlər AMEA Genetik Ehtiyatlar İnstitutunun Elmi Şurasında geniş müzakirə edilmişdir. Bütövlükdə regionda aqrobiomüxtəlifliyin mövcud vəziyyətinin təftiş edilməsi məqsədilə ekspedisiya planının hazırlanması qərara alınmışdır.
İnstitutun Ağdərə rayonunda yerləşən Qarabağ Elmi-Tədqiqat Bazasında (QETB) işğala qədər bölgənin zəngin aqrobiomüxtəlifliyi toplanaraq mühafizə edilmiş və seleksiyada geniş istifadə olunmuşdur. 1700 hektara qədər torpaq sahəsi olan QETB 1950-ci ildə yaradılaraq 1989-cu ilə kimi yüksək səmərə ilə fəaliyyət göstərmişdir. Bazanın əsas istiqamətləri dənli-taxıl, paxlalı, texniki, yem, meyvə, giləmeyvə, üzüm və s. bitkilərin, eləcə də kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatlarının toplanması, öyrənilməsi, seleksiyadan səmərəli istifadə edilərək yeni bitki sortları və heyvan cinslərinin yaradılması, onların ilkin toxumçuluğunun və damazlıq işinin təşkili və yayılması olmuşdur. Burada müxtəlif bitkilərə aid 30-dan çox yüksəkməhsuldar sort və yüzlərlə hibrid yaradılaraq Qarabağ bölgəsinin təsərrüfatlarında geniş ərazilərdə becərilmiş, regionda kənd təsərrüfatının inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. QETB işğala qədər o vaxt üçün ən mütərəqqi kənd təsərrüfatı texnikası, maşın və avadanlıqlarla təmin olunmuş yüksək rentabelli, tam təsərrüfat hesablı, çoxsahəli qabaqcıl elmi-tədqiqat mərkəzi idi. Dünyada tanınmış Bazada 60 nəfəri yüksəkixtisaslı elmi işçi olmaqla, ümumilikdə 150-dən artıq əməkdaş fəaliyyət göstərmişdir.
QETB-də müxtəlif dövrlərdə görkəmli alimlərdən AMEA-nın akademikləri Cəlal Əliyev, İmam Mustafayev, İlyas Abdullayev, Ələkbər Quliyev, müxbir üzv Ağaxan Ağabəyli, elmlər doktorlarından İdris Axundzadə, Aydın Sadiqov, Ada Əlizadə və b. uzun müddət səmərəli fəaliyyət göstərməklə elmin inkişafına və alınan nəticələrin istehsalata tətbiqinə öz töhfələrini vermişlər.
Tanınmış alimlər - Türkiyə Respublikası Egey Genetik Ehtiyatlar İnstitutunun professoru Mirzə Göygöl, Rusiya və Ukraynanın akademikləri M.M.Yakubsiner, D.D.Brejnev, K.D.Belyayev, B.F.Dorofeyev, F.Q.Kriçenko, F.A.Poperelya, A.A.Sozinov və b. dəfələrlə QETB-də olmuş, burada yerli alimlərlə təcrübə mübadiləsi aparmış və görülən işlərlə tanış olmuşlar.
Bazada dəfələrlə elmi praktiki tədbir, seminar, sahə günləri, görkəmli alimlərlə görüşlər, elmi konfrans və simpoziumlar keçirilmişdir. Məsələn, tut bitkisi üzrə SSRİ-Hindistan birgə simpoziumu 1970-ci illərdə bilavasitə Qarabağ Elmi-Tədqiqat Bazasında keçirilmişdir. Bu tədbirdə dünyanın bir çox ölkələrindən, o cümlədən Hindistan, Çin, Yaponiya, Vyetnam, həmçinin keçmiş SSRİ respublikalarından olan alim və mütəxəssislər iştirak etmişlər.
1989-cu il iyul ayında erməni təcavüzkarları tərəfindən Qarabağ Elmi-Tədqiqat Bazası işğal edilərək, onun 1700 hektarlıq ərazisi, yüzlərlə yaşayış evi, 3 mərtəbəli inzibati və laboratoriya binası, 2 qonaq evi, 300 nəfərlik konfrans zalı, ikimərtəbəli kitabxana, 100 yerlik uşaq bağçası, beşotaqlı poliklinika, bütün xidmətləri olan 2 mərtəbəli 30 çarpayılıq xəstəxana, 6 otaqlı aptek və poçt binası, mağaza və ticarət zalı olan bina və s., 3 mərtəbəli toxumtəmizləyən zavod, 400 kvadratmetrlik 4 anbar, maldarlıq üçün 5 ferma binası, sudartan stansiya, 6 artezian quyusu, 6 transformator stansiyası, 100-dən artıq traktor, kombayn, avtomaşın və digər kənd təsərrüfatı maşınları, avadanlıqları, 200 baş cins mal-qara, 500 baş cins qoyun, 3 min baş quş, 500 sort meyvə və subtropik bitkinin, 200 üzüm sortunun genofond bağları və s., həmçinin başqa əmlaklar zəbt edilmiş, talan edilərək mənimsənilmişdir. Respublika tabeliyində olan elmi-tədqiqat bazası keçmiş Mardakert rayon təşkilatlarının qərarı ilə qanunsuz olaraq meyvə-tərəvəzçilik sovxozuna çevrilmişdir. Ermənilərin bu təcavüzü nəticəsində 200 mindən artıq nümunədən ibarət bitki genetik fondu, dənli bitkilərin 20 mindən artıq dünya və yerli kolleksiya nümunələri, 20 mindən artıq nadir, təkraredilməz cinslərarası, növlərarası və təbii hibridlər, çox qiymətli seleksiya materialları, rayonlaşdırılmış sortların elit və ilkin toxumçuluq materialları orda qalmış və talan edilmişdir.
Baza işğala məruz qaldıqdan sonra burada tədqiqat işləri dayandırılmışdır. 1992-ci ildə aparılan şiddətli döyüşlər nəticəsində bazaya məxsus olan torpaq sahələrinin bir hissəsi işğaldan azad olunsa da, artıq nümunəvi bazadan əsər-əlamət qalmamışdı, bütün infrastruktur məhv edilmişdi. QETB-in işğaldan azad olunmuş ərazisi ön cəhbə xəttində yerləşdiyi üçün orada tədqiqat işlərini təşkil etmək mümkün deyildi.
1993-cü ilin payızından etibarən, çətin də olsa, QETB-in əməkdaşları tərəfindən elmi-təcrübi işlərin həyata keçirilməsinə başlanılmışdır. 1994-cü ilin aprel ayından ərazidə suvarma suyu erməni işğalçıları tərəfindən tam kəsilmiş, bazanın 700 hektara qədər torpaq sahəsi yenidən erməni işğalçıları tərəfindən zəbt edilmiş, yerdə qalan ərazi isə Azərbaycanın N-saylı hərbi hissəsinin nəzarətində saxlanılmışdır.
2003-cü ilin payızından Bazanın əməkdaşları bölgə üzrə dənli taxıl və meyvə bitkilərinin elmi və xalq seleksiyası sortlarının, nəsli kəsilməkdə olan formaların toplanılması, öyrənilməsi və qorunması sahəsində ənənəvi tədqiqatlarını davam etdirməyə başlamışlar. Biz son 15 ildə əsas tədqiqatlarımızı, bölgə üçün yeni sortların yaradılması istiqamətində işlərimizi Tərtər rayonunda faəaliyyət göstərən fermerlərin sahələrində əzmlə, gələcəyə böyük inamla davam etdirmişik. Bərk və yumşaq buğda növlərinin seçilmiş kolleksiya nümunələri, perspektiv formalar müsabiqəli sort sınağı sahələrində, rayonlaşmaya təqdim edilən və rayonlaşan sortlar isə geniş sahələrdə artırılmaq üçün əkilərək daimi tədqiq edilmişdir.
Tədqiqat işlərinin nəticəsində 9 sort (buğdanın Maya, Alyans, Cənub, Almaz, Leyla, Start, Xəmsə sortları və arpanın Uğur, Cəmil sortları) dövlət sınağına təqdim edilmişdir. Onlardan “Maya” bərk, “Start” və “Cənub” yumşaq buğda sortları rayonlaşdırılmış, onların ilkin toxumçuluğu təşkil edilərək bölgənin təsərrüfatlarına yaymaq üçün super elit və elit toxum materialları istehsal edilmişdir. Əsas məqsəd Qarabağda torpaqlarımız alındıqdan sonra bazanın keçmiş fəaliyyətini bərpa etmək üçün biotik və abiotik stres amillərinə davamlı yüksək məhsuldar və lazımi texnoloji keyfiyyətlərə malik buğda və arpa sortlarının yaradılması və istehsalata tədbiqindən ibarət olmuşdur.
O da qeyd olunmalıdır ki, əməkdaşlarımız çətin iş şəraitində çalışmış, görülən işlərin hamısı daxili imkanlar hesabına aparılmışdır. Bazanın ərazisində 2014-cü ildən hal-hazıra kimi suvarma suyu tam kəsilmiş, ərazi hərbi hissələrin əhatəsində olmaqla, heç bir maddi və texniki imkanlara malik olmamışdır. Elmi-tədqiqat işləri bağlanılan müqavilə əsasında fermer təsərrüfatının suvarılan torpaq sahəsində aparılmışdır. Rayonlaşdırılmış sortların toxumlarının artırılması üçün toxumçuluq fermer təsərrüfatlarına yayılması istiqamətində də işlər davam etdirilmişdir.
Rəşadətli Azərbaycan ordusu tərəfindən işğaldan azad olunan ərazilərdən biri də Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndidir. 26 ildən çoxdur ki, Tərtər rayonunun kəndləri, əhali suvarma suyuna həsrət qalmışdır. İndi Suqovuşan su anbarı hesabına nəinki Tərtər rayonunun, hətta digər ətraf rayonların da su təminatı ödənilmiş oldu. O cümlədən də 26 il suya həsrət qalan QETB-in torpaq sahələrinin suvarma suyuna olan tələbatı da təmin olunacaqdır.
Bazanın ərazisi hazırda Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşir. Bazanın mövcud torpaqlarında elmi-tədqiqat işlərinin aparılması və əkin dövriyyəsinin bərpa edilməsi üçün ilk növbədə texniki sənədlərin hazırlanmasına, əmlaka aid Dövlət Reyestr Xidmətindən çıxarış alınmasına, işğal olunmuş və dağıdılmış bir təsərrüfat kimi Nazirlər Kabinetində qeydə alınmasına və bərpası üçün dəstəyə ehtiyac vardır.
Yuxarıda qeyd etdiyim kimi, regionda aqrobiomüxtəlifliyin əvvəlki və mövcud vəziyyətini müqayisəli təftiş edib qiymətləndirmək üçün elmi-tədqiqat proqramları hazırlanır. Biz işğaldan azad edilmiş bütün rayonlarımızı, kənd və şəhərlərimizi qarış-qarış gəzərək zəngin biomüxtəlifliyimizi yenidən tədqiq edəcəyik. Yaxın gələcəkdə QETB-in ən müasir səviyyədə fəaliyyət göstərməsi üçün inkişaf proqramını hazırlayaraq AMEA Rəyasət Heyətinə və digər qurumlara təqdim edəcəyik.
Azərbaycanın və digər dünya ölkələrinin təcrübəsi göstərir ki, kadr və şəxsiyyət amili ölkələrin iqtisadi, siyasi və mədəni inkişafında olduqca mühüm əhəmiyyətə malikdir. Bu gün apardığımız Vətən müharibəsi bir daha göstərdi ki, həm hərbi sahədə, həm də diplomatik sahədə əsas uğurlarımız yüksəkixtisaslı və geniş dünyagörüşünə malik olan mütəxəssislərin fəaliyyəti nəticəsində mümkün olur. Ölkədə son 27 il ərzində aparılan məqsədyönlü siyasət nəticəsində sözün əsl mənasında neft kapitalının insan kapitalına çevirilməsinə nail ola bilmişik. Böyük məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, cəmi 1 aydan bir qədər artıq müddətdə biz bütün dünyay, başda möhtərəm Prezident cənab İlham Əliyev olmaqla xalqımızın yüksək istedadını, mədəniyyətini, təşkilatçılıq qabiliyyətini, eləcə də mütəxəssislərimizin bilik və bacarığını nümayiş etdirə bildik. Bu gün Azərbaycan tərəfinin intellektual səviyyəsini ermənilərlə müqayisə etmək mümkün deyildir. Tam məsuliyyətlə deyirəm ki, Ermənistan bütün sahələrdə 90-cı illərin səviyyəsində qalmışdır. Elmi kadr hazırlığı məsələsinə gəldikdə isə son 27 il ərzində olduqca mühüm addımlar atılmış və müasir dünya elminə inteqrasiya olunan istedadlı gənc alimlər ordusu yetişdirməyə müvəffəq olmuşuq. AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda həm doktorantura və həm də magistratura təhsili fəaliyyət göstərir. Biz hər il biologiya və aqrar elmlərin müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrlar hazırlayırıq. Xüsusilə qeyd etmək istəyirəm ki, son 15 ildə kadr hazırlığına xüsusi diqqət yetirilmiş, dünyanın aparıcı universitet və elmi mərkəzləri ilə əməkdaşlıq nəticəsində onlarca yüksəkixtisaslı mütəxəssislər yetişdirmişik. Əgər son 10 ildə institut əməkdaşlarının beynəlxalq jurnallarda dərc etdirdikləri elmi məqalələrin sayına nəzər salsaq, bunu aydın görmək olar. Bu gün İnstitutda mövcud olan kadr potensialından istifadə etməklə Qarabağ Elmi-Tədqiqat Bazasında planlaşdırılan bütün elmi işlərin həyata keçirilməsinə nail olmağa çalışacağıq. Beləliklə, QETB-in tam bərpa olunması və ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyaların qurulmasında bütün imkanlarımız səfərbər ediləcək və institutun ən bacarıqlı mütəxəssislərini həmin bölgəyə uzunmüddətli ezam etməklə oranın inkişafına öz töhfəmizi verəcəyik.
Zeynal ƏKPƏROV,
Genetik Ehtiyatlar İnstitutunun
direktoru,
AMEA-nın müxbir üzvü.
http://www.respublica-news.az/index.php/dig-r-x-b-rl-r/dig-r-x-b-rl-r/item/30674-ishghaldan-azad-edilmish-aerazilaerdae-agrobiomukhtaelifliyin-baerpas-vae-inkishaf-etdirilmaesi