NEWS
22:39, 11.11.2020
Elmi Şuranın iclasında bir sıra şöbələrin illik hesabatı dinlənildi

AMEA Genetik Ehtiyatlar İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda  institutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov şura üzvlərini Azərbaycan ordusunun Qarabağda apardığı haqlı savaşda qələbə çalması münasibətilə təbrik etmiş və bu tarixi qələbəyə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin və müzəffər ordumuzun qüdrəti ilə nail olmağımızı vurğulamışdır. Z.Əkpərov Qarabağ savaşında şəhid olan əsgərlərinmizə Allahdan rəhmət diləmiş və yaralı əsgərlərimizin tezliklə sağalmasını arzulamışdır.

Sonra isə Elmi Şurada İnstitutun Dənli taxıl və paxlalı bitkilər, Texniki və yem bitkiləri, Tərəvəz və bostan bitkiləri şöbələrinin illik hesabatları dinlənildi.

Dənli taxıl və paxlalı bitkilər şöbəsinin müdiri, b.ü.f.d. X.Rüstəmov şöbə tərəfindən 2020-ci ildə aparılan tədqiqatlarla bağlı geniş məlumat vermiş, yaradılmış 2 buğda sortunun rayonlaşdırılaraq patent aldığını, daha bir buğda sortunun isə rayonlaşdırılması üçün Aqrar Xidmətlər Agentliyinə təqdim olunduğunu qeyd etdi. X.Rüstəmov introduksiya olunmuş bir sıra sortların toxumlarının çoxaldılaraq Milli Genbanka təhvil verildiyini, hibridləşdirilmə işlərinin davam etdirildiyini də şura üzvlərinin diqqətinə çatdırdı.

Elmi Şurada İnstitutun Qarabağ Elmi Tədiqaqat Bazasının direktoru Həmid Mehdiyev də 2020-ci ildə Baza tərəfində yerinə yetirilən tədqiqat işləri barədə ətraflı məlumat verdi. Həmçinin qeyd etdi ki, işğaldan azad olunan Tərtərin Suqovuşan kəndində yerləşən su ambarının imkanları Bazanın 1700 hektar ərazisində yenidən tədqiqat işlərinin aparılmasına şərait yaradacaqdır. 

Texniki və yem bitkiləri şöbəsinin müdiri, b.ü.f.d. R.Məmmədova cari ildə pambıq, soya və s. bitkilər üzrə aparılan tədqiqat işləri barədə ətraflı məlumat verdi. O, öz çıxışında bildirdi ki, hazırda xəstəliyə davamlı hibridlərin alınmasında bir sıra kompleks metodlardan istifadə edilir və bu istiqamətdə ABŞ alimləri ilə birgə tədqiqatlar həyata keçirilir.    

  Tərəvəz və bostan bitkiləri şöbəsinin müdiri, bü.f.d. Sabir Həsənova  da öz növbəsində şöbə əməkdaşlarının 2020-ci il üzrə həyata keçirdiyi tədqiqat işlərinin əsas məqamlarını şura iştirakçılarının diqqətinə çatdırdı. O, bildirdi ki,  toplanmış materiallar əsasında xəstəliyə davamlı sortların və hibridlərin seçilməsi həyata keçirilmişdir.

Aparılan geniş müzakirələrdən sonra hesabatlar qəbul olundu. Sonra isə  işğaldan azad edilmiş ərazilərdə aparılacaq elmi tədqiqat işləri ilə bağlı təkliflər Elmi Şura üzvlərinin diqqətinə çatdırıldı. Z.Əkpərov bildirdi ki, uzun illər ərzində ermənilərin işğalı altında olan ərazilərdə biomüxtəlifliyə ciddi ziyan vurulmuş və İnstitutun Qarabağ Elmi Tədqiqat Bazasının (QETB) bütün infrastrukturu dağıdılmışdır. Yaxın gələcəkdə işğaldan azad edilmiş rayonlarımızın ərazilərində aqro-biomüxtəlifliyin təftiş edilməsi məqsədilə ekspedisiya planının hazırlanması və QETB-nın inkişaf proqramının hazırlnamsı məsələləri geniş müzakirə edilmişdir. Müvafiq məsələlərlə operativ məşğul olmaq məqəsdilə komissiyalar yaradılmışdır.