NEWS
12:39, 16.06.2020
AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Zeynal Əkpərov TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının onlayn videokonfransında iştirak edib.
İyun ayının 15-də AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Zeynal Əkpərov TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının “COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması” mövzusunda onlayn videokonfransda iştirak edib.
İlk sessiyaya komissiyanın sədri, akademik Əhliman Əmiraslanov sədrlik edib. Sessiyada üzv ölkələrdən ekspertlər təqdimatlar ediblər, həmçinin COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması ilə bağlı təşkilata üzv ölkələrdə həyata keçirilən tədbirlər müzakirə olunub. İştirakçılar məsələ ilə bağlı milli qanunvericilik və beynəlxalq əməkdaşlıq mexanizmləri barədə fikir mübadiləsi aparıblar.
İkinci sessiyaya komissiyanın katibi Emin Həsənov moderatorluq edib. Sessiya zamanı üzv ölkələrdən olan ekspertlər qanunvericiliyin uyğunlaşdırılması və enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında model qanunun hazırlanması üzrə məsələləri müzakirə ediblər.
Videokonfransda təşkilata üzv ölkələrin parlamentlərindən və Özbəkistandan olan millət vəkilləri ilə yanaşı, üzv ölkələrin müvafiq nazirlik və qurumlarından, həmçinin beynəlxalq təşkilatlardan olan ekspertlər iştirak edirdilər.
Qeyd edək ki, AMEA-nın müxbir üzvü Z.Əkpərov konfransda təqdimatla çıxış etmişdir.