Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda (GEİ) Almaniyanın Münxen Universitet Klinikasının Eksperimental Cərrahiyyə tədqiqat qrupunun rəhbəri Professor Aleksandr Bajinilə görüş keçirilmişdir. Görüşdə GEİelmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov, Azərbaycan Tibb UniversitetininXarici tələbələrlə iş üzrə dekanı, GEİ-nin İnsan Genetikası laboratoriyasının aparıcı elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Orxan İsayev və GEİ-nin Beynəlxalq əlaqələr, informasiya və media şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov iştirak etmişdir.
M.Abbasov GEİ-nin strukturu, müasir istiqamətdə aparılan tədqiqatlar, əldə edilən nəticələr, son illərdə institut əməkdaşlarının beynəlxalq jurnallarda dərc etdirdikləri elmi məqalələrin müsbət dinamikası, o cümlədən müasir genetikanın müxtəlif sahələri üzrə yeni yaradılmış laboratoriyaların fəaliyyəti haqqında geniş məlumat vermişdir. O, bildirmişdir ki, İnstitutda AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun rəhbərliyi ilə bitki genetik ehtiyatlarının toplanması, saxlanması və hərtərəfli tədqiqi ilə yanaşı, insan genetikası sahəsində də geniş fundamental tədqiqat işlərinə başlanılmış və çox sayda xaricdə təhsil almış gənc mütəxəssislər tədqiqatlara cəlb olunmuşdur. İnstitut beynəlxalq layihələrdə aktiv iştirak etməklə yanaşı, həm də ölkə daxilində iri şirkətlər və klinikalarla da sıx əməkdaşlıq edir.
Professor Aleksandr Bajin Münxen Universitetində biotibb üzrə aparılan tədqiqatlar və əməkdaşlıq imkanları haqqında məlumat vermiş və bildirmişdir ki, onun laboratoriyasında dünyanın müxtəlif ölkələrindən çox sayda tədqiqatçıelmi işlərini yerinə yetirilər. Onun elmi rəhbərliyi ilə Dr. Orxan İsayevin apardığı tədqiqatların mühüm əhəmiyyəti haqqında da məlumat vermiş və 2017-ci ildə mühüm bir məqalənin yüksək impakt faktorlu jurnalda nəşr olunduğu diqqətə çatdırmışdır. Hal-hazırda Dr. Orxan İsayevin kök hüceyrələri üzrə apardığı tədqiqatlarının böyük əhəmiyyətə malik olduğunu bildirmiş və yaxın gələcəkdə ilkin nəticələrin nəşr olunacağını vurğulamışdır.
Müzakirələr zamanı Avropa Komissiyasının HORİZON-2020, Erasmus+ kimi böyük layihələrində birgə iştirak və Almaniya səfirliyinin koordinasiya etdiyi DAAD və s. proqramlar çərçivəsində İnstitutun gənc tədqiqatçılarının qısa və uzun müddətə rəhbəri olduğu Münxen Universitet Klinikasının Eksperimental Cərrahiyyə şöbəsinə müxtəlif xarakterli tədqiqatların aparılması məqsədilə göndərilməsi haqqında ilkin razılığa gəlinmişdir.
GEİ-nin Biotexnologiya şöbəsinin tərkibində fəaliyyət göstərən “Genomika”, “İnsan genetikası” və “Komputer genomikası” laboratoriyalarına da baxış keçirilmişdir.
FOTO>>>
© www.genres.az