NEWS
12:07, 02.06.2018
Naftalan şəhərində "Naftalan-2018" Multidisiplinar Beynəlxalq Elmi-Praktiki Konfrans keçirilir

İyun ayının 1-də Naftalan şəhərində "Naftalan-2018" multidisiplinar beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.

İki gün davam edəcək tədbir Azərbaycan Milli Elmlər Akademiyası, AMEA Yüksək Texnologiyalar ParkıFiziologiya İnstitutu və Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin Naftalan şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Konfransı AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov açaraq bildirib ki, Naftalan yağının əhəmiyyətli təsiri haqqında hələ XII əsrdən etibarən məlumatlar mövcud olub. O, Naftalan yağının müxtəlif xəstəliklərin müalicəsində dərman vasitəsi kimi tətbiqinin XIX əsrə təsadüf etdiyini, ölkəmizdə 1950-ci illərdən başlayaraq səhiyyə ocaqlarında istifadəsinin gücləndirildiyini, akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə SSR AEA-da daha geniş tədqiqatlar aparıldığını söyləyib: "Naftalan yağının daha çox patologiyanın müalicəsində effektiv təsirinin aşkar edilməsi üçün biologiya və tibb sahəsinin alim və mütəxəssisləri bu istiqamətdə səylərini birləşdirməlidirlər".

Naftalan şəhərinin İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov çıxışında müxtəlif ölkələrdən olan alim və mütəxəssislərin elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə Naftalan şəhərini seçməsini təqdirəlayiq hal adlandırıb.

Sonra AMEA Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev çıxış edərək Naftalan yağı əsasında dərman preparatlarının hazırlandığını söyləyib, gələcəkdə burada elmi laboratoriyaların yaradılmasının zəruriliyini ifadə edib.

Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov çıxışında müalicəvi Naftalan yağı əsasında yeni dərman preparatlarının yaradılması perspektivlərindən söz açıb. Qeyd edib ki, Naftalan yağı analgetik təsirlə yanaşı, daha səmərəli müalicə vasitəsi kimi analoqu olmayan əhəmiyyətə malikdir.        

Tədbirdə çıxış edən AMEA Yüksək Texnologiyalar Parkının direktoru, aqrar elmləri üzrə fəlsəfə doktoru Vüqar Babayev beynəlxalq səviyyəli konfransın Naftalan yağının geniş tətbiqi ilə məşğul olan müalicə mərkəzlərinin gələcək fəaliyyətinə, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə töhfə verəcəyini deyib.

Sonra Qazaxıstan Respublikası Milli Kurort Assosiasiyasının prezidenti, biologiya üzrə fəlsəfə doktoru Sayagül Aydarovna, Şərqi Avropa üzrə müalicə sanatoriyasının baş meneceri Teodor Ştofira və digərəri çıxış edərək konfransın önəminə toxunublar.

Tədbirdə, həmçinin Qazaxıstan Respublikası Prezidentinin İşlər İdarəsinin Tibb Mərkəzi tərəfindən AMEA-nın vitse-prezidenti, Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyevə ünvanlanmış məktub səsləndirilib.

Konfrans öz işini plenar iclaslarla davam etdirib. Plenar iclaslarda Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova, Çexiya Respublikası Olympic Palace sanatoriyasının baş həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru Natalya Larina və digərləri məruzələrlə çıxış ediblər.

 

©  http://bteb.science.gov.az/