09:24, 28.09.2026
Ağdaş Elmi-Tədqiqat Bazasının fəaliyyətinə dair seminar-müşavirə keçirilib
25 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun Ağdaş Elmi-Tədqiqat Bazasının təşkilatçılığı ilə “Mədəni bitkilərin genefondunun qorunması və səmərəli istifadəsi” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə Ağdaş rayonunda fəaliyyət göstərən fermerlər və Ağdaş Dövlət Humanitar Kollecinin Aqronomluq ixtisası üzrə təhsil alan sonuncu kurs tələbələri iştirak ediblər.
Seminarda mədəni bitkilərin genetik müxtəlifliyinin qorunması, yerli bitki nümunələrinin mühafizəsi, toxumçuluq və seleksiya işlərinin əhəmiyyəti, həmçinin genetik ehtiyatlardan kənd təsərrüfatında səmərəli istifadə imkanları müzakirə olunub.
Ağdaş Elmi-Tədqiqat Bazasının müdiri Mabud Rəsulov aqronomluq ixtisası üzrə təhsil alan tələbələrlə görüşərək nəzəri biliklərin praktiki təcrübə ilə əlaqələndirilməsinin əhəmiyyətindən danışıb. Tələbələrə bazanın fəaliyyəti, elmi-tədqiqat istiqamətləri və kənd təsərrüfatında tətbiq olunan müasir yanaşmalar barədə məlumat verilib.
Tədbir çərçivəsində fermerlərlə fikir mübadiləsi aparılıb, onların təcrübə və təklifləri dinlənilib, yerli şəraitə uyğun bitki genetik ehtiyatlarından səmərəli istifadə imkanları müzakirə olunub.
Belə tədbirlər elmi-tədqiqat müəssisəsi, təhsil ocaqları və fermerlər arasında əməkdaşlığın gücləndirilməsinə, gənc mütəxəssislərin praktiki hazırlığının artırılmasına və mədəni bitkilərin genetik ehtiyatlarının qorunması və səmərəli istifadəsi istiqamətində maarifləndirmənin genişləndirilməsinə xidmət edir.