NEWS
12:09, 07.10.2024
Qazaxıstan Bitki Biologiyası və Biotexnologiyası İnstitutu ilə Genetik Ehtiyatlar İnstitutu arasında əlaqələr genişləndirilir
30 sentyabr - 4 oktyabr 2024-cü il tarixində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən “Bakı İqlim Fəaliyyəti Həftəsi” adlı beynəlxalq tədbirdə iştirak edən Qazaxıstan Təhsil və Elm Nazirliyi Bitki Biologiyası və Biotexnologiyası İnstitutunun (IPBB) əməkdaşları b.ü.f.d, dosent Dilara Gritsenko, elmi işçilər Aişa Taskuzhina və Nazan Kerimbek Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun (GEİ) qonağı olmuşlar.
​GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Zeynal Əkpərov qonaqları salamlayaraq Bakıda keçirilən “Bakı İqlim Fəaliyyəti Həftəsi” adlı beynəlxalq tədbirdən vaxt ayırıb GEİ-u ilə əməkdaşlıq üçün müraciət etmələrini yüksək qiymətləndirmiş, institutun şöbə və laboratoriyalarının fəaliyyəti barədə məlumat vermişdir.
​Daha sonra isə Dilara Gritsenko təmsil etdiyi institutda görülən elmi-tədqiqat işləri barədə ətraflı danışmışdır. Qarşılıqlı fikir mübadiləsi zamanı qlobal iqlim dəyişikliyinin zərərinin azaldılması ilə bağlı dənli taxıl, paxlalı və meyvə bitkiləri ilə tədqiqatların aparılmasının mümkünlüyü vurğulanmış və yaxın gələcəkdə bu sahədə elmi tədqiqat, proqram, layihə və s.tədbirlərin həyata keçirilməsi istiqamətində birgə əməkdaşlıq memorandumunun imzalanması qərara alınmışdır.
​Sonda qonaqlar GEİ-nin müvafiq şöbə, laboratoriyaları ilə və Milli Genbakla yaxından tanış olmuşlar.