NEWS
11:42, 21.02.2024
Genetik Ehtiyatlar İnstitutunda Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilib.

AR ETN Elmi Təşkilatların Birləşmiş Həmkərlar İttifaqının Genetik Ehtiyatlar İnstitutu (GEİ) Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) 2018-2023-cü illər üzrə hesabat-seçki yığıncağı keçirilib. Dövlət Himni səsləndirildikdən sonra iclasa sədrlik edən AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov gündəlikdə duran məsələlərlə tədbir iştirakçılarını tanış edib. BHİK-nin sədri, Biokimyəvi genetika və texnologiya şöbəsinin müdiri, b.e.d. Hamlet Sadıqov BHİK-in hesabat dövründə gördüyü işlər haqqında müfəssəl məlumat verib. Daha sonra, BHİK-nin nəzarət-təftiş komissiyasının sədri Məsmə Nəsrullayeva 5 illik hesabatı təqdim edib. O, hesabat dövrü ərzində BHİK-in gördüyü işlər, GEİ-nin əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, asudə vaxtlarının səmərəli keçirilməsi və mədəni-kütləvi tədbirlərdə iştirakı, yay istirahətlərinin təşkili, yeni il şənliklərinin və digər bayramların təşkilindəki rolunu tədbir iştirakçılarına çatdırıb. Təqdimatdan sonra Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, b.ü.f.d.Vəli Qarayev, Tərəvəz və bostan bitkiləri şöbəsinin müdiri, b.ü.f.d. Sabir Həsənov, Biokimyəvi genetika və texnologiya şöbəsinin aparıcı elmi işçisi, b.ü.f.d. Əkbər Kərimov, baş mütəxəssis Xanım Məmmədova və əməkdaş Leyla Aslanova çıxış edərək BHİK-nin ötən 5 illik fəaliyyətini müsbət qiymətləndirib, hesabatın qəbul olunmasını, habelə b.e.d. H.Sadıqovun yüksək insani keyfiyyətlərə və BHİK-ə rəhbərliyi sahəsində geniş təcrübəyə malik olduğunun nəzərə alınaraq yenidən sədr olaraq seçilməsini təklif ediblər. Prof. Zeynal Əkpərov da çıxış edərək həmkarlarının təklifləri ilə razı olduğunu, BHİK-in fəaliyyətini müsbət qiymətləndirməklə hesabatın qəbul edilməsini bildirib. Beləliklə BHİK-in 2018-2023-cü illər üzrə fəaliyyəti qənaətbəxş hesab edilib və açıq səsvermə ilə Hamlet Sadıqov GEİ-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri və 9 nəfər büro üzvü, 3 nəfər isə nəzarət-təftiş komissiyasının üzvü seçilib.