NEWS
15:31, 19.01.2024
Genetik Ehtiyatlar İnstitutunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Əvvəlcə dövlət himni səsləndirilmiş və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov qanlı yanvar faciəsinin xalqımızın yaddaşına əbədi həkk olunduğunu və hər il dərin hüznlə anıldığını bildirmişdir. O, qeyd etmişdir ki, 20 Yanvar Azərbaycan xalqının tarixinə müstəqillik uğrunda apardığı mübarizənin qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Bu hadisə milli birlik və həmrəyliyimizi təsdiqləyən ən mühüm hadisə və xalqımızın qəhrəmanlıq salnaməsidir.
Z.Əkpərov, həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra ərazi bütövlüyünün təmin olunduğunu, bu şanlı zəfər ilə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisasının alındığını vurğulamışdır.
Sonda Qanlı Yanvar hadisələrinə həsr olunan videoçarx nümayiş etdirilmişdir.