НОВОСТИ
15:11, 20.11.2023
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşlarının layihəsi “Əsas Qrant Müsabiqəsi - 2023”ün qalibi olmuşdur
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Molekulyar Genetika və Genomika şöbəsi, İnsan genetikası laboratoriyasının əməkdaşlarının Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının əməkdaşları ilə birgə hazırladığı “Azərbaycanda Onkoloji Xəstəliklər Üzrə Populyasiyaya Spesifik Genetik Mutasiya Spektrinin İdentifikasiyası”layihəsi, ümummilli lider Heydər Əliyevin 100-illik yubileyinə həsr olunmuş “Əsas Qrant Müsabiqəsi - 2023” qrant müsabiqəsinin qalibi olmuşdur. Layihə çərçivəsində süd vəzi, yumurtalıq, mədə və yoğun bağırsaq xərçəngi və digər onkoloji xəstəliklərdə mutasiya spektrinin öyrənilməsi və populyasiyaya spesifik gen mutasiyalarının aşkar edilməsi planlaşdırılmışdır.
Həmçinin İnstitutun İmmunogenetika, Fizioloji Genetika və Molekulyar Genetika və Genomika şöbəsinin əməkdaşlarının birgə hazırladığı “Kartof nümunələrinin biotik və abiotik streslərə davamlılığa görə genotipləşdirilməsi” adlı layihəsi sözügedən qrant müsabiqəsinin qalibi olmuşdur. Layihə çərçivəsində kartof genotiplərində biotik və abiotik streslərə davamlılıq genlərinin skrininqi və onların ekspresiya qabiliyyətlərinin müəyyənləşdirilməsi planlaşdırılır. Bu tədqiqat işi genotiplərin adaptasiya potensialını müəyyənləşdirməyə imkan verəcək və Azərbaycanda kartofçuluğun inkişafına zəmin yaradacaqdır.
Hər iki layihənin 24 ay ərzində tamamlanması nəzərdə tutulmuşdur.