НОВОСТИ
15:00, 23.09.2023
Genetik Ehtiyatlar İnstitutunda dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda Molekulyar Genetika və Genomika şöbəsinin İnsan genetikası laboratoriyasının elmi işçisi Kərimova Nigar İldırım qızının təqdim etdiyi dissertasiya işinin birləşmiş şöbələrin seminarında ilkin müzakirəsi keçirilmişdir.
İddiaçı biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq məqsədilə “Azərbaycanda xroniki mieloid leykozlu (XML) xəstələrin genetik variasiyalarının molekulyar identifikasiyası" mövzusu ilə çıxış etmişdir.
N.Kərimova bildirmişdir ki, sitoxrom P450 gen ailəsinin polimorfizmləri xroniki mieloid leykozun (XML) inkişafında rol oynaya bilər. Eləcə də XML-ın əsas müalicə vasitəsi olan imatiniba qarşı müqavimət yaradan mutasiyalar identifikasiya edilmişdir. O, həmçinin qeyd etmişdir ki, BCR-ABL1 genində mutasiyaların Yeni Nəsil Sekvensləmə üsulu ilə müəyyən edilməsi Azərbaycanda XML-ın müalicə protokollarının təkmilləşdirilməsi, yeni dərman preparatlarının seçilməsi baxımından əhəmiyyətli dərəcədə rol oynayır.
Seminar üzvlərinin rəyləri dinlənildikdən sonra, tədbir iştirakçılarının sualları iddiaçı tərəfindən cavablandırılmışdır.
Tədqiqat işi mütəxəssislər tərəfindən müsbət qiymətləndirilmiş və növbəti mərhələdə müzakirə olunması məqsədəuyğun hesab olunmuşdur.