НОВОСТИ
15:42, 15.09.2023
Genetik Ehtiyatlar İnstitutunda dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda (GEİ) Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Abşeron Təcrübə Stansiyasında Tropik meyvə bitkilərinin becərmə texnologiyası şöbəsinin müdiri Elnarə Əhmədovanın təqdim etdiyi dissertasiya işinin FD 1.37 Dissertasiya Şurasının birləşmiş elmi seminarında müzakirəsi keçirilmişdir.
İddiaçı biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq məqsədilə “Alma genotiplərinin dəmgil xəstəliyinə davamlılıq genlərinin skrininqi və seleksiyada tətbiqi” mövzusu ilə çıxış etmişdir.
O, bildirmişdir ki, sözügedən xəstəlik meyvələrin ölçü və formasının dəyişməsinə, cavan yarpaqların vaxtından tez tökülməsinə və bitkinin qış şaxtalarına qarşı həssaslığının artmasına səbəb olan göbələk xəstəliyidir. Bu tədqiqat işinin aparılması nəticəsində seçilmiş dəmgil xəstəliyinə qarşı davamlılıq genlərini daşıyan alma genotiplərindən gələcəkdə müasir seleksiya proqramlarında istifadəsinə geniş imkanlar yaradacaqdır.
Seminar üzvlərinin rəyləri dinlənildikdən sonra, tədbir iştirakçılarının sualları iddiaçı tərəfindən cavablandırılmışdır.
Tədqiqat işi AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) tələblərinə cavab verdiyindən, elmi seminarın üzvləri tərəfindən müsbət qiymətləndirilmiş və növbəti mərhələdə müzakirə olunması məqsədəuyğun hesab olunmuşdur.