Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda (GEİ) 2023-cü il 28 mart tarixində “Elm günü”nə həsr olunmuş elmi iclas keçirilib. Tədbiri giriş sözü ilə açan GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov institutun kollektivini, alimlərini Elm günü münasibəti ilə təbrik edib. O, institutun alimlərinin əldə etdiyi uğurlarını yüksək qiymətləndirib, onların naliyyətlərinin daha da davamlı olacağına əmin olduğunu bildirib. Yenicə başlanılan 2023-cü ildə 2 elmi müvəffəqiyyətə imza atılıb, dünyanın əsas beyin mərkəzləri ilə GEİ-nin əməkdaşlığı nəticəsində dünyada ilk dəfə olaraq Azərbaycanın 7 nar sortunun genomunun tam oxunması tədqiqatı uğurla başa çatıb, genom məlumatları beynəlxalq bazalara yerləşdirilib və nəticələri dünyanın nüfuzlu “Frontiers in Plant Science” (İmpakt faktor -6.988) jurnalında, uzun illər ərzində üzüm bitkisi üzrə aparılan tədqiqatların nəticəsi isə dünyanın ən məşhur jurnalı olan “SCİENCE” məqalələr məcmuəsində (İmpakt faktor- 63.714) dərc olunub. Elmi fəaliyyətlərinə, habelə yeni sortların yaradılmasına, elmi fəaliyyətin və nailiyyətlərin mətbuatda vaxtlı-vaxtında işıqlandırılmasına görə 17 alim 27 mart “Elm günü” münasibətilə GEİ-nin Fəxri fərmanları ilə təltif olunub. Bununla belə, həm də GEİ-nin meyvə bitkiləri şöbəsinin aparıcı elmi işçisi, b.ü.f.d. Ziyafət Pirməmməd qızı Mustafayeva 70 illik yubileyi münasibətilə gül çələngi təqdim olunmaqla Fəxri fərmanla təltif edilib. “Elm günü” videoçarxı nümayiş etdirilib. Xatirə şəkilləri çəkilib.
14:52, 28.03.2023
GEİ-də “Elm günü”nə həsr olunmuş elmi iclas keçirildi