НОВОСТИ
15:35, 17.03.2023
Nar genomunun oxunması üzrə tədqiqatların nəticəsi yüksək impakt faktorlu jurnalda dərc olunub

AMEA-nın müxbir üzvü, professor Zeynal Əkpərovun elmi rəhbərliyi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun (GEİ) tədqiqatçı alim və mütəxəssislərinin beynəlxalq və yerli tərəfdaşlarla birgə gərgin elmi fəaliyyətinin nəticəsi olaraq, nar genomunun oxunması üzrə əldə edilən verilənlərin təhlili əsasında hazırlanmış, Azərbaycan biologiya və aqrar elmləri tarixinin “qızıl səhifə”si hesab edilən, “Two major chromosome evolution events with unrivaled conserved gene content in pomegranate” adlı, əksər müəllifləri yerli mütəxəssislər olan məqalə “Frontiers” nəşriyyatının Q1 jurnalları siyahısında yer alan, beynəlxalq nüfuzlu 6.627 impakt faktorlu “Frontiers in plant science” jurnalının “Bitki sistematikası və təkamülü” bölməsində 2023-cü ilin 16 mart tarixində nəşr edilib. Tədqiqat işində, dünyada ilk dəfə olaraq, “Azərbaycan gülöyşəsi” nar sortunun tam genomunun “de-novo” oxunması və 6 orqanı üzrə transkriptom analizi həyata keçirilmiş, nar genomu üzrə 1.5 milyard, transkriptom üzrə isə 100 milyard nukleotid cütü uzunluğunda informasiyanın düzlənməsi başa çatdırılmışdır. Genom məlumatları Amerika Birləşmiş Ştatlarının Biotexnologiya İnformasiyaları üzrə Milli Mərkəzi (NCBI) tərəfindən 12 dekabr, 2017-ci ildə “PGOL00000000.1” nömrəsi altında qeydə alınmışdır. Eyni zamanda, dünyada ilk dəfə olaraq nar bitkisi üzrə “Pan genom” layihəsi hazırlanaraq həyata keçirilmiş, 6 nar sortunun genomunun re-sekvenslənməsi yekunlaşdırılmış və müxtəlif bazalarda olan Çin və Tunis mənşəli genomlarla müqayisə edilərək referens genom yaradılmış, eləcə də nar bitkisində 16 və 18 xromosomlu sort və formalarda olan genom fərqlilikləri müəyyən edilmişdir.

Böyük elmi uğur münasinətilə GEİ-nin kollektivini və məqalənin bütün müəlliflərini təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Məqalə ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür. https://www.frontiersin.org/articles/10.3389/fpls.2023.1039211/full