НОВОСТИ
22:09, 23.12.2022
Genetik Ehtiyatlar İnstitutunda Beynəlxalq seminar başa çatdı

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu (GEİ), AgroDev MMC və İslam İnkişaf Bankının nəzdində fəaliyyət göstərən “Kənd Təsərrüfatı Bioşoranlaşması üzrə Beynəlxalq Mərkəz”in (ICBA) təşkilatçılığı ilə GEİ-də “Azərbaycanda şoranlaşmış ərazilərin xəritələşdirilməsi, kənd təsərrüfatı bitkilərinin davamlılığının qiymətləndiirlməsi və istifadəsi” mövzusunda GEİ-də keçirilən 5 günlük (19-23.12.2022) seminar 23 dekabr tarixində başa çatdı. Seminar işgüzar şəraitdə keçirildi. ICBA-nın “Baş Əməliyyatlar və İnkişaf ” , “Su ehtiyatları və Suvarma İdarəsi” və “Bitkilərin Diversifikasiyası və Genetikası üzrə Proqram”ın məsul şəxsləri ilə yanaşı seminarda, həm də GEİ və AqroDev şirkətinin əməkdaşları, Kənd təsərrüfatı nazirliyinin müvafiq elmi tədqiqat müəssisələrinin alim və mütəxəsisləri də iştirak etdilər. Seminarda müxtəlif mövzulara dair hər bir təqdimat ətrafında işgüzar şəraitdə sual-cavabla müzakirələr aparıldı. Torpaq işləri üzrə torpaqşünas mütəxəssis Dr.Ahmed H.El-Naqqarın “Şoran torpaqların səciyyələndirilməsi, xassələri və onların idarə olunması”, “Torpaq ekosistemi və qida maddələrinin sikli”, “Praktiki məşq (nümunə götürmə-hazırlama-ölçmə)”, “Deqradasiyaya uğramış torpaqların bərpası üçün düzəlişlərdən istifadə olunması”; Bitkilərin Diversifikasiyası və Genetikası üzrə Proqram meneceri, bitki seleksiyası üzrə baş elmi işçi Dr.R.K. Singhin “Bitki seleksiyasının əsasları”, “Keyfiyyətli toxum istehsalının prinsipləri”, “Bitkilər üzrə seleksiya metodları (öz-özünə və çarpaz tozlanan bitkilər)”, “ICBA-da marjinal mühitlər üçün seleksiya işi”; Su və suvarma idarəçiliyi üzrə b.e.i. Dr. Əsəd Sərvar Qureşinin “Şoranlığın idarə olunması üzrə suvarma”, “Marjinal mühitlərdə sudan istifadənin səmərəliliyinin təkmilləşdirilməsi”, “Qələviləşməyə ehtiyacın hesablanması” və GEİ-nin icraçı direktoru, b.e.d. Mehrac Abbasovun institutun fəaliyyəti, müvafiq sahədə genetik tədqiqatların aparılması haqqında mövzularda təqdimatlar seminar iştirakçılarının çox böyük marağına səbəb oldular. Seminarın son günü, çox maraqlı müvafiq təqdimatlardan sonra 23 dekabr tarixində, ICBA-nın əməkdaşları və seminarın digər iştirakçıları GEİ-nin müvafiq şöbələri və laboratoriyaları ilə tanış oldular. Günün 2-ci yarısında seminarın proqramına uyğun olaraq tədbirin bağlanışı oldu. GEİ-nin icraçı direktoru, b.e.d. Mehrac Abbasov GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü, prof. Zeynal Əkpərovun adından seminarın təşkili və çox işgüzar şəraitdə başa vurulması ilə bağlı ICBA-nın rəhbərliyinə və təşkilatçılarına, habelə seminar iştirakçılarına bir daha öz minnətdarlığını bildirdi. Daha sonra, GEİ-nin Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, b.ü.f.d. Vəli Qarayev, ICBA-nın məsul şəxsləri, Dr. Əhməd H. Əl-Naggar, Dr.R.K. Singh, Aziz Karimov və Ghazi Javad Al-Jabri, AqroDev MMC-nin direktoru Elvin Nəbiyev və KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Həqiqət Həşimova seminar haqqında öz xoş təəssüratlarını, seminarın keçirilməsinin təşkilatçılarına, ICBA-nın rəhbərliyinə, keçirilməsinə şərait yaradıldığına görə GEİ-nin və AqroDev MMC-nin rəhbərliyinə minnətdarlıqlarını və gələcək əməkdaşlığın davam etdirilməsinin ölkədə şoranlığa və quraqlığa davamlı bitki sortlarının yaradılmasında və bitki seleksiyasında mühüm nəticələrin əldə edilməsi baxımından çox yüksək nailiyyətlərin əldə ediləcəyinə nikbin olduqlarını bildirdilər. Seminar iştirakçılarına ICBA-nın sertifikatları təqdim olundu. Xatirə şəkilləri çəkildi.