НОВОСТИ
22:01, 16.11.2022
Genetik Ehtiyatlar İnstitutunda pambıqçılıqla bağlı tədbir keçirildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun (GEİ) təşkilatçılığı ilə 2022 -ci il 16 noyabr tarixində pambıq sortlarının müqayisəli qiymətləndirilməsi və genetik kolleksiyanın zənginləşdirilməsinə həsr olunmuş “Respublikanın müxtəlif torpaq-iqlim şəraitində pambıq sortlarının müqayisəli qiymətləndirilməsi və genetik kolleksiyanın zənginləşdirilməsi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə pambıqçılıqla məşğul olan mürəxəsislər, Kənd təsərrüfatı nazirliyinin məsul, səlahiyyətli şəxsləri, alimlər, xarici şirkətlərin nümayəndələri və pambıqçılıq sahəsində fəaliyyət göstərən fermerlər iştrak etmislər. GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü, prof. Zeynal Əkpərov institutun Elmi şurasının üzvlərinin də iştirak etdiyi iclası açıq elan etmiş, toplantı iştirakçılarını salamlamışdır.Aidiyyatı qurumlarla əməkdaşlığın davam etdirilməsi baxımından tədbirin keçirilməsinin çox vacib olduğu vurğulanmış və strateji əhəmiyyət kəsb edən pambıq bitkisinin ətraf mühitin əlverişsiz mühit amillərinə, habelə xəstəliklərə və ziyanvericilərə davamlı sortların yaradılması və istehsalata tətbiqi istiqamətində birgə elmi tədqiqatların aparılmasının, məhsuldarlığının artırılmasının və genetik kolleksiyanın zənginləşdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi bildirilmişdir. Çıxış etmək üçün ilk olaraq söz GEİ-nin şöbə müdiri, b.ü.f.d., dos. Ruhəngiz Məmmədovaya verilmişdir. R. Məmmədovanın təqdimatı “Yerli və introduksiya olunmuş pambıq sortlarının müxtəlif bölgələrdə adaptasiya sınaqlarının yekunu” mövzusunda olmuşdur. Təqdimat tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur. Məruzəçi bildirmişdir ki, Respublikanın müxtəlif torpaq-iqlim şəraitində strateji texniki bitki olan pambığın yerli və introduksiya olunmuş sortlarının torpaq-iqlim şəraitində uyğunlaşma qabiliyyətinin öyrənilməsi, qiymətli genotiplərin gələcək seleksiya proqramlarına cəlb olunması məqsədilə müqayisəli tədqiqi 3 bölgədə: Salyan, Ağdaş və Zərdab rayonlarında müvafiq ixtisaslaşmış təsərrüfatlarda həyata keçirilmişdir. Sınağa cəlb olunmuş pambıq sortlarının HVI elektron avadanlıgı vasitəsilə analiz olunmuş liflərinin 12 keyfiyyət göstəricisi, lif cıxarı, məhsuldarlıq komponentləri və səciyyəvi biomorfoloji məlumatları təqdim olunmuşdur. Təqdimatda Salyan rayonunun əkin sahələrində sortların sahə qiymətləndirilməsinin aparıldığı, İsrailin “Hazera Seeds və Gowan seed Co” şirkətinin “Akalpi”, “CS 1432 F1” hibridləri, Almaniyanın “BASF” şirkətinin Azərbaycandakı distribyuteri “EMA” şirkəti tərəfindən təqdim olunmuş “Fiona” sortu,Türkiyənin “Livagro” şirkətinin “Livzara” sortu, “May Agro Tohumculuk” şirkəti tərəfindən təqdim olunmuş “May 455” və “May 505” pambıq sortları Genetik Ehtiyatlar İnstitutunun “Bayraqdar”, “Ağdaş-3 yaxşılaşdırılmış” pambıq sortları ilə müqaisəli qiymətləndirildiyi tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır. Dəyirmi masa tədbirinin məqsədi aparılmış müvafiq elmi tədqiqatların nəticələrinin istehsalata tətbiqinin səmərəliliyinin təşviq olunması ilə yanaşı, həm də əldə olunmuş göstəricilərin fermerlərə nümayiş etdirilməsi və onların məlumatlandırılması olmuşdur. Təqdim olunan sortların biomorfoloji, məhsuldarlıq göstəriciləri ilə yanaşı lif keyfiyyətinin də Beynəlxalq standartlara uyğun olaraq ekspertlər tərəfindən analiz olunaraq nəticələrinin maraqlı tərəflərə təqdim olunması nəzərdə tutulmuşdur. Əldə olunan yeni məhsuldar və ətraf mühitin əlverişsiz amillərinə dözümlü yeni yerli sort pambıq toxumlarının ölkə daxilində fermerlər tərəfindən istifadə olunmasına hər cür imkanların yaradılması, müəyyən maneələrin aradan qaldırılması sort müəlliflərinin, elmi tədqiqatçıların yüksək marağına, müvafiq sahədə fəaliyyətlərinin davamlılığına müsbət təsir göstərməsi istisna olunmur ki, bu da öz növbəsində, həm də ölkənin müvafiq sahədə idxaldan aslılığının aradan qaldırılmasına töhfədir. Toplantı iştirakçılarının, mütəxəssislərin sualları əsasınd müzakirələr davam etdirilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin Təşkili və Monitorinqi şöbəsinin müdir müavini, a.e.ü.f.d. Fərman Kərimov ölkədə pambıqçılığın mövcüd əziyyəti və prespektivləri, Azərbaycan Pambıqçılar Assosiasiyasının sədri Fərid Firidunov “Azərbaycanda pambıqçılığın inkişaf imkanları” mövzusunda çıxış etmişlər. BMTBETİ-nin təmsilçisi prof. Ələddin Tağıyev, “BASF” Sirkətinin nümayəndəsi Orkun Koykiran, Almaniyanın “BASF” şirkətinin təmsilçisi “EMA” Azərbaycan şirkətinin nümayəndəsi Ali Deger, Mehmet Manavoğlu, Türkiyənin “May Agro Tohumculuk” şirkətinin Azərbaycan təmsilçisi Şahin Əliyev, GEİ-nin baş meneceri, b.ü.f.d. Rafail Mahmudov və a.e.ü.f.d. Sədrəddin İbrahimov müvafiq sahə ilə bağlı çıxış edərək öz tövsiyə və təkliflərini bildirmişlər.