НОВОСТИ
17:48, 02.06.2022
Beynəlxalq ekspertlərin AMEA Genetik Ehtiyatlar İnstitutuna səfəri başa çatdı

Pakistan Molekulyar Biologiyada Mükəmməllik Mərkəzinin ekspertləri (Pəncab Universiteti, PMBMM-nin direktoru Dr Tayyab Husnain, Mərkəzin seleksiyaçı mütəxəssisi Dr İdrees Ahmad, Genom redaktəsi üzrə mütəxəssis Dr Abdul Qayyum Rao) və İslam İnkişaf Bankının nümayəndələrinin (Bankın bölgə üzrə koordinatoru Ahmad Faruk Diken, Mərkəzi Asiya üzrə koordinatoru Kokorcan Aminov və Azərbaycan ofisinin nümayndəsi Lalə Yusifova) AMEA Genetik Ehtiyatlar İnstitutuna 23.05.2022-ci il tarixdən başlayan 5 günlük səfəri 27 mayda başa çatdı. Məqsədi GEİ-nin Pakistandakı həmkarlarla Pambıq bitkisində genom redaktəsi üzrə 2019-cu ildə birgə tərtib olunan layihənin təqdimatı üçün diaqnostik missiyanı həyata keçirmək olan ekspertlər ilk öncə institutda müvafiq sahədə tədqiqatların aparılması, habelə aidiyattı şöbələrin və laboratoriyaların fəaliyyətləri ilə yaxından tanış olmuşlar. Respublikanın ayrı-ayrı mərkəzi icra hakimiyəti qurumlarında və elmi tədqiqat müəssisələrində də ekspertlərin görüşləri keçirilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Bitkiçiliyin təşkili və monotorinqi şöbəsinin müdiri İmran Çümşüdov, Agrar Innovasiya Mərkəzinin müdiri Əkbər Abbasovla görüşlərdə Azərbaycanda pambıqçılıq sahəsində yeni texnologiyalar və müasir metodlarının tətbiqi, bu sahədə əməkdaşlıq imkanları müzakirə edilmişdir. Qonaqlar, həm də KTN-nin Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda yeni laboratoriyalar və genetik kolleksiya nümunələri ilə tanış olmuşlar. Respublikada mövcud pambıq sortlarının kəmiyyət və keyfiyyət göstəriciləri, onların müasir genetik metodlarla yaxşılaşdırılması imkanları barədə işgüzar müzakirələr və fikir mübadiləsi aparılmışdır.

Səfərin sonunda, 27 may tarixində İnstitutda keçirilmiş toplantıda Ekspertlərin 5 gün davam etmiş missiyasının hesabatı dinlənilmişdir. Hesabatda institutda, habelə digər müvafiq mərkəzi icra hakimiyyəti qurumlarında və ya onların tabeliyində olan elmi tədqiqat müəssisələrində ölkə üzrə pambıqçılığın inkişaf etdirilməsi üçün beynəlxaq təcrübələrə əsaslanan elmi tədqiqatların aparılmasına böyük maraq və səy göstərildiyi və bu sahədə beynəlxalq təşkilatların maliyyə dəstəyinə ehtiyac olduğunu vurğulamışlar. Ekspertlər səfər müddətində müssiyanın proqram üzrə tədbirlərinin həyata keçirməsi üçün yaradılan müvafiq şaraitə və əməli köməklik göstərilməsinə görə GEİ-nin rəhbərliyinə, baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərova və institutun əməkdaşlarına öz minnətdarlıqlarını bildirmişlər. İlkin qiymətləndirilməyə dair hesabat İslam İnkişaf Bankına təqdim ediləcəkdir. Uğurlu və xeyirli olsun!