НОВОСТИ
21:52, 13.05.2022
AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov 2022-ci il mayın 12-də Akademiyanın Biologiya və Tibb Elmləri Bölməsinin həqiqi və müxbir üzvləri ilə görüşdü

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı ilə bağlı 27 aprel 2022-ci il tarixdə keçirilmiş Ümumi yığıncağının davamı olaraq 2022-ci il mayın 12-də AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov Bölmənin həqiqi və müxbir üzvləri ilə görüşmüşdür.

Görüşdə ölkədə elmin gələcək inkişaf dinamikası ilə əlaqədar strateji tədqiqatların aparılması istiqaməti, innovativ layihələrin tətbiqi, Akademiyanın maliyyə mexanizminin təkmilləşdirilməsi, büdcədənkənar vəsaitlərin cəlb edilməsinin genişləndirilməsi və ümumilikdə yol xəritəsinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələrin bölmələrdə davam etdirilməsinin vacib olduğu qərara alınmışdır.

Akademik Arif Həşimov Biologiya və Tibb Elmləri Bölməsinin dünya, eləcə də respublika üçün aktual olan biologiya, aqrar və tibb elmlərinin problemləri ilə yanaşı, həm də ərzaq təhlükəsizliyi məsələsi ilə bağlı önəmli tədqiqatların və eyni zamanda bu və ya digər sahələr üzrə intensiv kadr hazırlığının da aparılmasındakı mühüm rolunu toplantı iştiraşçılarının nəzərinə çatdırmışdır.

Akademik İradə Hüseynova BTEB-nin və Genetik Ehtiyatlar İnstitutunun təşkilatçılığı ilə Qarabağ Elmi-Tədqiqat Bazasının yerləşdiyi Tərtər rayonunun Şıxarx qəsəbəsində 2021-ci ildə keçirilmiş Tarla seminarının davamı olaraq, 2022-ci ilin mayın 20-də də növbəti uyğun tədbirin keçiriləcəyi haqqında məlumat vermişdir.

AMEA-nın müxbir üzvü Zeynal Əkpərov isə çıxışında elmi tədqiqat müəsisələrində idarəetmənin optimallaşdırılması, respublikada dissertasiya mövzuları ilə yanaşı, aparılan elmi tədqiqat işlərinin koordinasiyası məsələlərinə diqqətin artırılması, ərzaq təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynayan ixtisaslı mütəxəssislərin hazırlanması məqsədilə aqrar elm sahələri üzrə dissertasiya müdafiəsi və təsdiqi qaydalarında tələblərin yumşaldılması təkliflərini bildirmişdir.

Bununla belə, toplantıda AMEA Biologiya və Tibb Elmləri Bölməsinin digər həqiqi və müxbir üzvləri də aktual təkliflərlə çıxış etmişlər.