AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun böyük akt zalında 15.03.2022-ci il tarixdə karantin qaydalarına əməl olunmaqla 27 mart Elm Gününə həsr olunmuş toplantı keçirildi. İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Zeynal Əkpərov ilk olaraq toplantı iştirakçılarını salamladı, Novruz bayramı ərəfəsində, axırıncı çərşənbə günündə, 27 mart Elm Günü ilə bağlı keçirilən tədbirin əlamətdarlığını xüsusi olaraq qeyd elədi. Azərbaycanın 2-ci dəfə müstəqilliyindən sonra ölkədə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan, iqtisadiyyatın bütün sahələrində həyata keçirilən əsaslı islahatlar ölkə elminin beynəlxalq elmlərə inteqrasiyası baxımından yeni inkişaf mərhələsinə, böyük nailiyyətlərə səbəb olmuşdur. Azərbaycan Elmlər Akademiyasına 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyası adının verilməsi isə ölkədə elmin inkişaf etdirilməsinə dövlət səviyyəsində olan böyük qayğının bariz bir nümunəsidir. Elmin ölkə iqtisadiyyatı və insan kapitalının inkişafındakı rolunu nəzərə alan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il aprelin 9-da imzaladığı “Elm günü” nün təsis edilməsi haqqında Sərəncam da elmə verilən böyük töhfədir. Böyük Zəfərdən sonra son bir il ərzində institutda keçirilən hər bir əlamətdar tədbirin yüksək əhval ruhiyyə ilə keçirilməsinin ənənə halı aldığı da vurğulandı. Öz elmi tədqiqatlarının nəticəsinə görə ölkədə və beynəlxalq miqyasda tanınmış, institutun tədqiqatçı alimi, biologiya elmləri doktoru Afət xanım Məmmədovanı 70 illik yubileyi münasibəti ilə GEİ-nin Fəxri Fərmanı ilə təntənəli şəraitdə təltif etdi. Z.Əkpərov 70 yaşlı yubilyar haqqında, onun elmi yaradıcılığı haqqında tədbir iştirakçılarına qısa xülasə olaraq məlumat verdi. Afət xanım Məmmədova göstərilən diqqətə, elmi fəliyyəti üçün yardılmış şəraitə görə şəxsən Zeynal Əkpərova, prof. Ramiz Əliyevə və onun elmi fəaliyyətində rolu olmuş digər şəxslərə öz dərin minnətdarlığını bildirdi. AMEA-nın Qızıl Aypara Cəmiyyətinin sədri Ceyran xanım Nağıyeva toplantıda çıxış edərək Cəmiyyətin fəaliyyəti və institutun əməkdaşlarına göstərdiyi köməkliyi haqqında məlumat verdi. Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, b.ü.f.d. Vəli Qarayev çıxış edərək toplantı iştirakçılarını, yubilyarı təbrik etdi və silsilə tədbirlərin keçirilməsini təşkil etdiklərinə görə institutun rəhbərliyinə, Həmkarlar ittifaqı komitəsinə və AMEA-nın Qızıl Aypara Cəmiyyətinin sədri Ceyran xanım Nağıyevaya toplantı iştirakçılarının adından öz minnətdarlığını bildirdi. Tədbirin sonunda “27 mart -Elm Günü”nü və Qızıl Aypara Cəmiyyətininin fəaliyyətini əks etdirən vidio-çarxlar nümayiş etdirildi. AMEA-nın Qızıl Aypara Cəmiyyəti adından institutun aztəminatlı işçilərinə bayram sovqatları paylanıldı. Novruzun axırıncı torpaq çərşənbəsi günü institutun ərazisində tonqal kənarında davam etdirildi.
13:28, 15.03.2022
AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda Elm Gününə həsr olunmuş toplantı keçirildi