НОВОСТИ
19:49, 30.11.2021
AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Elmi şurasının növbəti 30 noyabr 2021-ci il tarixli iclasında Karantin qaydalarına əməl olunmaqla institutun elmi tədqiqat bazalarının və dayaq məntəqələrinin illik hesabatları dinlənildi

AMEA Genetik Ehtiyatlar İnstitutunun Elmi şurasının üzvlərinin və Qarabağ elmi tədqiqat bazası, Quba bölgə təcrübə bazası, Şəki, Tovuz və Ağdaş elmi təcrübə bazaları, Zuvand və Saray dayaq məntəqələri, Abşeron təcrübə təsərrüfat bazası müdirlərinin iştirak etdiyi iclasda hər bir struktur bölmənin müdiri mövzu planına uyğun olaraq 2021-ci il üzrə görülmüş iş haqqında məruzə etdi. Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov mövzuların bütün mərhələlərinə dair hesabata tənqidi yanaşdı və müzakirəsi tədbir iştirakçılarının iddiaçılara yönəlmiş sualların cavablandırılması şəraitində davam etdi. Qarabağ elmi tədqiqat bazasının direktoru Həmid Mehdiyev il ərzində görülmüş işlər haqqında məlumat verdi. Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən Bazanın fəaliyyətində cari ilin ən uğurlu və məhsuldar il olduğu, Qarabağ Elmi-Tədqiqat Bazasının 1694 hektarlıq torpaq sahəsinin erməni işğalından azad edilməsindən ötən bir il ərzində işğaldan sonra ilk dəfə olaraq bazada elmi tədqiqatların aparılmasına start verildiyi, AMEA Biologiya və Tibb Elmləri Bölməsi və Genetik Ehtiyatlar İnstitutunun birgə təşkil etdikləri Tarla seminarından sonra yeni buğda sortlarının birbaşa təcrübə sahələrində səpininin aparılması və Zəfər gününün yüksək əhval ruhiyyədə qeyd olunmasının da Bazanın əməkdaşları üçün yüksək nailiyyətlər olduğu tədbir iştirakçılarının nəzərinə çatdırıldı. İddiaçı bununla belə, indiki mövcud şəraitdə Bazanın kənd təsərrüfatı texnikası ilə təchizatı baxımından əlaqədar qurumların dəstəyinə çox böyük ehtiyacı olduğunu da bildirdi. Daha sonra Zuvand dayaq məntəqəsinin müdiri Elxan Nurullayevin illik hesabatı dinlənildi. Çox mühüm bir sahəyə dair tədqiqat işlərinin aparılması, təbiətdə yox olmaq təhlükəsi qarşısında olan yabani bitki genotiplərinin öyrənilməsi ilə bağlı hesabatı dinlənilərkən, həm də daha aktual bir fəaliyyətlə də məşğul olduqlarını bəyan etdi. Əhalinin ərzaq məhsulları ilə təminatında qeyri-ənənəvi ərzaq bitkilərinin genetik xüsusiyyətlərinin öyrənilməsi və əkininin genişləndirilməsinin çox mühüm əhəmiyyətliliyi baxımından Dayaq məntəqəsi tərəfindən çovdar əkini sahələrinin genişləndirilməsinə, onun öyrənilməsinə üstünlük verilməsi Şuranın alimləri tərəfindən təqdirəlayiq hesab olundu. Quba bölgə təcrübə bazasının müdiri Teyyub Şükürov, Şəki, Tovuz və Ağdaş elmi təcrübə bazalarının müdirləri Coşqun Məmmədov, Vasif Məmmədov və Mabud Rəsulov, Saray dayaq məntəqəsinin müdiri Arif Məmmədov, Abşeron təcrübə təsərrüfat bazasının müdiri Həmid İsmayılovun da illik hesabatları dinlənildi. Elmi Şuranın sədri Zeynal Əkpərov iclasın sonunda çıxış edərək cari ildə Pandemiya səbəbindən ölkədə tətbiq edilən və davam etməkdə olan ciddi karantin tədbirləri şəraitində institutun ayrı-ayrı rayonlarında fəaliyyət göstərən təcrübə və elmi tədqiqat bazalarında, dayaq məntəqələrində tədqiqatların aparılmasını və başa çatdırılmasını məqbul saysa da onların nəticələri ilə tam razı qalmadığını da bildirdi. İcraçılardan mövzu planına uyğun olaraq tədqiqatların aparılmasının nəticələrinin istehsalata tətbiq edilməklə xüsusi vəsaitin əldə olunmasına daha çox diqqət verilməsi də tələb olundu. Bu tələbin tədqiqat obyektindən asılı olmayaraq bütün icraçılara aid olduğu bildirildi. Bununla da institutun bütün bölmələrinin illik hesabatlarının müzakirəsi başa çatdı. Z.Əkpərov növbəti ildə icraçılara tədqiqatların aparılmasında yeni-yeni uğurlar arzuladı.