НОВОСТИ
15:44, 27.11.2021
AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və digər əməkdaşları “Baytarlıq elmi XXI əsrdə - gələcəyə doğru innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak etdilər.

Bakıdakı Dənizkənarı Milli Parkda yerləşən Biznes Mərkəzində 25 noyabr 2021-ci il tarixdə karantin qaydalarına əməl olunmaqla Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun 120 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi-praktiki konfransı keçirildi. Baytarlıq Elmi tədqiqat institutunun direktoru, a.e.ü.f.d. Sialə Rüstəmova Kənd təsərrüfatı naziri İnam Kərimovu, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanı, AQTA-nın sədri Qoşqar Təhməzlini, ADAU-nun rektoru, professor İbrahim Cəfərovu və konfrans iştirakçılarını salamladı, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Konfrans öz işinə davam etdi. Sialə Rüstəmova çıxışında Baytarlıq Elmi- Tədqiqat institutunun tarixi haqqında, qazandığı nailiyyətlərinin qısa xülasəsini xronoloji ardıcıllıqlarla konfrans iştirakçılarının nəzərinə çatdırdı. Konfransın bütün iştirakçılarına tədbirdə iştirak etdiklərinə görə öz minnəddarlığını bildirdi. Çıxışlar üçün ilk olaraq söz Kənd təsərrüfatı naziri cənab İnam Kərimova verildi. Nazir İnam Kərimov Baytarlıq Elmi-Tədqiqat İnstitutunun nazirliyin tabeliyində olan institutların arasında xüsusi rolunu vurğulamaqla kənd təsərrüfatı heyvanlarının infeksion, habelə digər xəstəliklərinə qarşı mübarizədə baytarlıq sanitariya tədbirlərinin hazırlanmasında, dövlət baytarlıq tədbirlərinin həyata keçirilməsi sahəsində apardığı elmi tədqiqatlarını, fəaliyyətini xüsusi olaraq qiymətləndirdi və yubiley günü münasibəti ilə institututun bütün kollektivini təbrik etdi. Daha sonra AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin sədri akademik İradə Hüseynova çıxış elədi. Cənab nazir İnam Kərimov başda olmaqla kənd təsərrüfatının baytarlıq, o cümlədən heyvandarlıq sahəsində çalışan ölkə ictimaiyyətini, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, a.e.ü.f.d. Sialə Rüstəmova başda olmaqla institutun bütün əməkdaşlarını və konfransın nümayəndələrini İnstitutun 120 illik yubileyi münasibətilə AMEA-nın Prezidenti akademik Ramiz Mehdiyevin adından təbrik elədi. Azərbaycan elminin mühüm və ayrılmaz tərkib hissəsi olan, əhalinin keyfiyyətli və təhlükəsiz heyvan mənşəli ərzaq məhsulları ilə təmin olunmasında, öz elmi tədqiqatlarının nəticələrinin istehsalata tətbiqi, elmi əsaslı tövsiyələri ilə baytarlıq xidmətinin təşkilində və tətbiqində, ölkənin epizootoloji sabitliyinin bilavasitə saxlanılmasında və həm də baytarlıq elminin formalaşmasında müstəsna xidmətləri olan Baytarlıq Elmi-Tədqiqat İnstitutunun öz fəaliyyəti dövründə, nəinki ölkə miqyasında, hətta beynəlxalq müstəvidə tanınmış nüfuzlu elmi-tədqiqat müəssisələrindən biri olduğunu, bu institutun qədim tarixə malik olduğunu, AMEA -nın elmi müəssisələri şəbəkəsində, o cümlədən digər mərkəzi icra hakiyyətləri qurumlarının tabeliyində olan institutlar arasında hər hansı bu yaşda olan ikinci bir elmi tədqiqat institutunun olmadığını, illər ərzində fundamental tədqiqatları ilə ölkə miqyasında və beynəlxalq aləmdə tanınmasının Azərbaycanın elminin nüfuzu hesab edərək və bu yubileydə iştirakından isə çox məmnun olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı. Baytarlıq Elmi -Tədqiqat İnstitutunun Sovetlər dövründə “Şərəf Nişanı“ ordeni ilə təltif edilməsinin Ulu Öndər Heydər Əliyevin ölkəyə başçılıq etdiyi vaxtlarda təhsil, elm və mədəniyyət sahələrinin inkişafına xüsusi diqqət və qayğının göstərildiyi, alimlərinin əməyinə Dövlət tərəfindən verilmiş yüksək mükafat olduğu xatırladıldı. İnstitut fəaliyyəti dövründə həmişə AMEA-nın Zoologiya, Fiziologiya, Genetik Ehtiyatlar, Mikrobiologiya, Torpaqşünaslıq və Aqrokimya institutları ilə əməkdaşlıq etmişdir. Bu əməkdaşlıq hazırda da davam etdirilir. İnstitutun yetirmələri olan AMEA-nın həqiqi üzvləri, akademik Məmmədtağı Qəniyev, akademik Musa Musayev, akademik Yaqub Hacıyev, AMEA-nın müxbir üzvü Nəriman Şirinov isə öz elmi fəaliyyətləri dövründə AMEA-nın adıgedən institutlarının əməkdaşları ilə qarşılıqlı həmfikir dostluqları şəraitində məhsuldar, fundamental tədqiqatlar aparılmışdır. İnstitut Zakafqasiyada kənd təsərrüfatı sahəsində baytarlıq tədbirlərinin, o cümlədən heyvandarlığın texniki normalarının qanunvericilik əsaslı formalaşmasında çox mühüm rol oynamışdır. Təqribən institutla eyni yaşıd olan və ölkədə əsasən heyvandarlığın qoyunçuluq və keçiçilik sahəsində geniş tədqiqatlar aparmış, müstəsna xidmətləri olan ölkə və dünya miqyasında nüfuzlu alim, akademik Firuz Məlikovun elmi fəaliyyətində də Baytarlıq elmi tədqiqat institutunun təsiri az olmamışdır. Odur ki, hazırda da ölkədə elmi müəssisələrin əməkdaşlığı məsələsi AMEA-nın siyasətində mühüm amillərdən biridir. Sonda akademik İradə Hüseynova institutun bütün əməkdaşlarını, təqaüddə olan alimlərini və hazırda ayrı-ayrı qurumlarda çalışan məzunlarını Baytarlıq Elmi-Tədqiqat İnstitutunun yaranmasının 120 illik yubileyi münasibətilə bir daha təbrik etdi və konfransın işinə uğurlar arzuladı. AQTA-nın sədri Qoşqar Təhməzlinin və ADAU-nun rektoru professor İbrahim Cəfərovun institutun 120 illik yubleyi ilə bağlı çox məzmunlu çıxışları da konfrans iştirakçıları tərəfindən alqışlandı. Konfrans 26 noyabrda öz işini Baytarlıq Elmi-Tədqiqat İnstitutunda davam etdirdi. Qazaxıstandan və Rusiya Federasiyasının elmi müəssisələrindən gəlmiş alimlərin məzmunlu elmi nəzəri və praktik əhımiyyətli məruzələri dinlənildi. Konfransda iştirak edən AMEA GEİ-nin Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, b.ü.f.d. Vəli Qarayev yemlərdə alfatoksinlərin təyini və onlara qarşı tədbirlərə dair mövzunun Rusiya Federasiyasından təqdimatçı biologiya elmləri namizədi Dmitri Sobolevə 2020-ci ilin 44 günü ərzində erməni işğalından azad olunmuş Qarabağ iqtisadi rayonunun ərazilərində müvafiq mövzuda baytarlıq institutunda və digər aidiyyatı elmi tədqiqat müəssisələri ilə birgə tədqiqatların aparılması tövsiyəsi razılıqla qarşılandı. Odur ki, Konfransdan sonra iddiaçının müvafiq koordinatları haqqında informasiyalar yem bitkiləri ilə məşğul olan Kənd təsərrüfatı nazirliyinin Əkinçilik elmi tədqiqat institutunun müvafiq şöbəsinə çatdırıldı.