НОВОСТИ
18:13, 17.11.2021
BMT-nin Avropa İqtisadi Komissiyasının(UNECE) beynəlxalq ekspertlər komandası 17 noyabr 2021-ci il tarixdə AMEA Genetik Ehtiyatlar İnstitutunda olmuşdur.

BMT-nin Avropa İqtisadi Komissiyasının Azərbaycan Respublikası üçün 2010-2020 illər üzrə 3-cü dövr ”Ətraf mühit üzrə fəaliyyətin icmalı hesabatı”nın hazırlanması, ölkənin ekoloji və iqtisadi hədəflərinin uzlaşdırılmaqla milli siyasətin formalaşdırılması və beynəlxalq ekoloji öhdəliklərinin yerinə yetirilməsində əldə olunan tərəqqinin qiymətləndirilməsi məqsədilə Komissiyanın beynəlxalq ekspertlər komandasının üzvləri Elisabeth Clement-Arnold və AzeLab MMC-nin baş bioloqu, Əkinçilik institutunun doktorantı, Ətraf mühit fəaliyyət icmal hesabatının 14-cü bölməsi üzrə əlaqələndiricisi Günel Qurbanova 17 noyabr 2021-ci il tarixdə AMEA Genetik Ehtiyatlar İnstitutunda oldular. Beynəlxalq ekspertlər komandası Azərbaycan Respublikası üçün növbəti hesabata daxil edilmək üçün GEİ-nin 10 ildə əldə etdiyi naiyyətlərə dair məlumatları topladı. İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov rəhbərlik etdiyi elmi müəssisənin ayrı-ayrı fəaliyyət sahələri ilə bağlı beynəlxalq ekspertlər komandasını geniş və əhatəli olaraq məlumatlandırdı. Ölkə ərazisinin 30 ildən çox müddətdə 20%-dən çox hissəsinin Ermənistan tərəfindən işğal altında qalması səbəbindən işğal müddətində institutun əldə etdiyi nailiyyətlərlə yanaşı, fəaliyyətində çox böyük gərginliyin hökm sürdüyü də qonaqların nəzərinə çatdırıldı. Genetik ehtiyatlar institutunun Qarabağ Elmi -Tədqiqat Bazasına məxsus 1694 hektar torpaq sahəsində əkin sahələri , yaşayış evləri, inzibati, təsərrüfat binaları, toxumtəmizləmə zavodu, anbarları, maldarlıq üçün ferma binaları, artezian quyuları, transformator stansiyaları, çoxsayda kənd təsərrüfatı texnikası, traktor, kombayn, avtomaşın və digər aqrotexniki maşınları və avadanlıqları, habelə digər əmlaklarla yanaşı ayrı-ayrı əkinçilik sahələrində, bağlarında yetişdirilən 500 meyvə sortu, subtropik bitki genotipləri, genofondun dənli bitkilərin dünya və yerli kolleksiya nümunələri, nadir, təkraredilməz cinslərarası, növlərarası və təbii hibridlər, çox qiymətli 200 mindən artıq seleksiya və rayonlaşdırılmış sortların elit və ilkin toxumçuluq materialları 1989-cu ildən sonra 2020-ci il 8 noyabr 2-ci Qarabağ müharibəsinin qələbəsinədək Ermənistanın işğalı altında qalmışdır. Bu müddətdə meşə zolaqları, park və bağlarda olan meyvə ağacları, ümumilikdə 20 mindən çox bitki genotipləri erməni işğalçıları tərəfindən tamamilə məhv edilmiş və ya qırılıb yandırılmış, əvəzedilməz subtropik bitki genotipləri, 200 baş iribuynuzlu cins heyvan və 500 baş cins qoyun, həmçinin digər genetik ehtiyatlar zəbt edilərək mənimsənilmişdir. Bununla belə, institut torpaqlarının işğal altında olmağına baxmayaraq, işğal altında olmayan rayon ərazilərində tədqiqatlarının aparılmasını davam etdirmiş, öz yeni taxıl sortlarını yaratmışdır ki, cari ilin oktyabr ayının 22-də AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi ilə birgə təşkil olunmuş Tarla seminarından sonra yeni yaradılmış buğda sortlarının ilk səpini də aparılmışdır. Qonaqlar Tarla seminarına dair proqram və bukletlərlə də tanış edildi. Görüşdə istitutun elmi işlər üzrə direktor müavini , b.ü.f.d. Mehrac Abbasov, baş menecer, b.ü.f.d. Rafail Mahmudov, Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, b.ü.f.d. Vəli Qarayev iştirak etdilər. Avropa İqtisadi Komissiyasının Beynəlxalq ekspertlər komandası və Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsi arasında müvafiq məlumatların qanunvericiliyə uyğun olaraq mübadiləsinin davamlılığının təmin olunması məqsədəuyğun hesab edildi.