НОВОСТИ
18:55, 05.11.2021
5 noyabr 2021-ci il tarixdə AMEA Genetik Ehtiyatlar İnstitutunda Zəfər günü ilə bağlı karantin qaydalarına əməl olunmaqla boyük akt zalında tədbir keçirildi.
Şəhidlərin xatirəsi anıldıqdan sonra tədbir davam etdirildi. AMEA Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının Müzəffər Orduya əks hücuma keçmək haqda verdiyi 27 sentyabr 2020-ci il tarixli qərarının xalqın istəklərinə uyğun bir qərar və 44 gün davam edən 2-ci Qarabağ müharibəsinin isə Böyük Zəfərlə başa çatmasının əsas səbəbinin düzgün diplomatik siyasətin nəticəsi olduğu tədbir iştirakçılarının nəzərinə çatdırıldı. Xalqın möhkəm həmrəyliyinə və güclü nizami Orduya güvənilərək qəbul edilmiş bu tale yüklü düzgün Qərarın yüksək səviyyədə icra olunması, işğalçı və terrorçu ermənilərin məhv edilərək və ya qovularaq əldə olunan uğurlar, yalnız şəhidlərimizin qisasının alınması ilə bitmədi. Bu, həm də haqqın və ədalətin zəfər çaldığına dair bütün dünyaya bir mesaj oldu. 44 günlük 2-ci Qarabağ müharibəsinin 8 noyabrda Şuşanın işğaldan azad edilməsi ilə başa çatması, bizim hər birimizin bu günkü yüksək qururumuza, başımızın dik olmasına və sevincimizin həddinin hüdudunun olmamasına səbəb oldu. Böyük Zəfərdən sonra Ölkə Prezidentinin işğaldan azad edilmiş bölgədə bərpa və abadlıq, quruculuq işlərini şəxsən öz nəzarətində saxlaması və bu işlərin çox sürətlə getməsi gözlərimiz önündədir və biz alimlərin öz işlərinə münasibətdə məsuliyyətini daha da artırır. AMEA Genetik Ehtiyatlar İnstitutunun Qarabağ İqtisadi rayonunun Tərtər rayonunda 1950-ci ildən 1989-cu ilədək (işğaladək) fəaliyyət göstərmiş Qarabağ Elmi-Tədqiqat Bazasında işğaldan sonra ilk dəfə olaraq, cari ilin 22 oktyabrında Bazanın infrastrukturunun bərpası, bölgə üçün institutda yaradılmış buğda və arpa sortlarının toxumçuluğunun təşkili məsələləri mövzusunda Tarla seminarının keçirilməsi institutun bölgədə bərpa və quruculuq işlərinə bir tohfədir. Sonra institutun əməkdaşları Böyük Zəfər günü ilə bağlı öz münasibətlərini bildirdilər. Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, b.ü.f.d. Vəli Qarayev öz çıxışına bu günkü fərəh və sevinclərin səbəbkarı ölkəmizin suverenliyi, ərazi bütövlüyü və torpaqların işğaldan azad edilməsi yolunda haqqın dərgahına qovuşmuş şəhidlərə rəhmət duası ilə başladı. Düzgün diplomatik siyasət, xalqın möhkəm birliyi və güclü Müzəffər ordunun sayəsində qazanılan bu Böyük Zəfəri, həm də Allahın Zəfəri və möcüzəsi hesab etdiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı. Son 100 ildə Türk millətinin, xalqının tarixində baş vermiş Böyük zəfəri 3-cü möcüzə , 2016-cı ildə 15 iyulda Türkiyədə dövlət çevrilişinə cəhdin baş tutmamasını 2-ci möcüzə, 1915-ci ildə Çanaqqala Zəfərini isə 1-ci möcüzə hesab etdiyini, ruhları hər il yad edilən şəhidlərin məzarlığını , Şəhidlər xiyabanını bu dünyamızın “Məscidül Həram”ı, Bakıda yerləşən Qənimətlər parkını ilə düşmənə nifrət-qəzəb yeri olan “Həccin Mina”sı ilə müqayisə edərək gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının hər bir kəsin vətəndaşlıq borcu olduğunu bildirdi. Gənc Alimlər və Mütəxəssilər Şurasının sədri, zəngilanlı Günel Musayeva öz məzmunlu çıxışı ilə gənclərin də eyni fikirdə olduqlarını bildirdi.
Sonda Ulu Öndərin Prezidentlik fəaliyyəti dövründən başlayaraq 44 günlük 2-ci Qarabağ müharibəsi və Böyük Zəfərdən sonra işğal olunmuş ərazilərdə Dövlətin apardığı bərpa və quruculuq işlərinə, nailiyyətlərinə dair Qələbəyə gedən yol-Böyük Zəfər vidio-çarxı tədbir iştiraıçılarının nəzərinə çatdırıldı.