НОВОСТИ
22:38, 07.10.2021
Karantin qaydalarına əməl olunmaqla 07.10.2021-ci il tarixdə dəyirmi masada AMEA Genetik Ehtiyatlar İnstitutunun növbəti Elmi Şurası keçirilmişdir

AMEA -nın müxbir üzvü, AMEA GEİ-nin Baş direktoru, Elmi Şuranın sədri Zeynal Əkpərov iclası açıq elan edib.İnstitutun iki işçisinə AMEA Biologiya və Tibb elmləri Bölməsinin Fəxri fərmanlarını təqdim eləmək üçün onları kürsüyə dəvət edib. O, Genetik ehtiyatlar institutuna, elmə 80 illik ömrünün 57 ilini həsr eləmiş, Milli Genbankın və buğdaların genofondunun zənginləşdirilməsi sahəsində yüksək təcrübəyə malik və çoxsaylı tədqiqatın icraçısı, “Dənli, taxıl və paxlalı bitkilər şöbəsi”nin aparıcı elmi işçisi, b.ü.f.d. Fatmaxanım Abuzər qızı Şeyxzamanovanın elmi fəaliyyətindəki rolunu yüksək qiymətləndirib. Z.Əkpərov, həm də “Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsi ” nin müdiri, b.ü.f.d. Vəli Xanbaba oğlu Qarayevin institutda işlədiyi qısa müddət ərzində, 4 ildə öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməklə yanaşı, Nazirlər Kabinetindən icrası AMEA-ya tapşırılmış qanunvericilik aktları, dövlət proqramı və digər normativ hüquqi aktların layihələrinə baxılaraq icra olunmaq, rəy verilməsi üçün Bölmədən instituta ünvanlanmış tapşırıqları vaxtında operativ və səmərəli icra etdiyini bildirdi. Bölmənin 2020-2021-ci illərdə təşkil etdiyi çoxsaylı tədbirlərində də V.Qarayevin fəal iştirak etdiyini Şura üzvlərinin nəzərinə çatdırdı. Elmi Şuranın sədri institutun bu iki əməkdaşına Fəxri fərmanları, həm də şeh təravətli qızılgül çələngləri hədiyyəsi ilə təqdim etmişdir.İnstitutun hər iki əməkdaşı bu yüksək təltifə layiq görülmələrinə görə AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin sədri, akademik İ.M. Hüseynovaya, Bölmənin əməkdaşlarına öz minnətdarlığını ifadə etmişlər. İclasın gündəliyində nəzərdə tutulan Doktoranturaya və dissertanturaya qəbulun nəticələri və mövzuların təsdiqi, plan yerlərinin verilməsi məsələsi də müzakirə olunduqdan sonra Şura üzvlərinin diqqəti gündəlikdə duran digər əsas məsələyə, Qarabağ elmi tədqiqat bazasının fəaliyyətinin bərpasına yönəldildi. Bazada görüləcək işlərə dair təkliflər müzakirə edildi və şöbə müdirlərinə bir qayda olaraq tapşırıldı ki, təqdim elədikləri təkliflərə uyğun olaraq tədbirlər planını qısa müddətdə hazırlasınlar. Tədbirlər planına uyğun olaraq payız və yaz əkininin mütəşəkkil aparılmasını təşkil etmək məqsədilə  Qarabağ Elmi-Tədqiqat Bazasında tarla seminarının keçirilməsinə hazırlıq işlərinin görülməsi və oktyabrın sonunadək tədbirin həyata keçirilməsi aidiyyatı şöbələrin müdirlərinə tapşırıldı.