B.e.d. HACI MƏMMƏDTAĞI oğlu ŞIXLİNSKİ 

 

Şıxlinski Hacı Məmmədtağı oğlu 1952-ci ildə Qazax rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra V.İ.Lenin adına (indiki N.Tusi adına) Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Biologiya fakültəsinə daxil olmuş və 1979-cu ildə oranı bitirmişdir. 1979-cu ildən 1982-ci ilə qədər təyinatla Quba rayonunun Çiçi kəndində biologiya-kimya fənlərindən dərs demişdir. 1983-cü ildə AMEA-nın Genetika və Seleksiya İnstitutunda əyani aspiranturaya daxil olmuş və 1990-cı ildə Tbilisi şəhərində “Azərbaycan SSR şəraitində üzümün rayonlaşdırılmış sortlarının və yeni seleksiya formalarının filloksera və göbələk xəstəliklərinə davamlılığı” mövzusunda dissertasiya müdafiyə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1992-ci ildən “Bitkilərin mühafizəsi” laboratoriyasına rəhbərlik edir. 2007-ci ildə dosent vəzifəsinə seçilmişdir. 2001-ci ildə “Üzüm fillokserası və kökçürüdücü mikroorqanizmlər”, 2004-cü ildə “Üzümün xəstəlikləri, zərərvericiləri və onlarla mübarizə üsulları” və 2008-ci ildə isə “Meyvə-giləmeyvə bitkilərinin xəstəlikləri, zərərvericiləri və onlarla mübarizə üsulları” adlı monoqrafiyaları nəşr edilmişdir. Dünyanın müxtəlif ölkələrində nəşr olunmuş  228 elmi əsərin müəllifidir. Elmi əsərləri Azərbaycandan başqa Türkiyə, ABŞ, Yunanıstan, Hindistan, İran, İtaliya, Belçika, Polşa və s. ölkə və şəhərlərdə (Moskva, Sankt-Peterburq, Novosibirsk, Kiyev, Minsk, Tbilisi, Daşkənd, Almatı, Bişkek, Odessa, Penza, Saratov, Tomsk, Vladiqafqaz, Volqaqrad, Donetsk, Simferopol, Yalta, Puşino, Miçurinsk, Voronej, Yoşkar-Ola, Tobolsk, Sıktıvkar) nəşr olunmuşdur. Bir sıra beynəlxalq konfrans, simpozium və konqreslərdə çıxış etmişdir. 2011-ci ildə “Filloksera ilə zədələnmiş müxtəlif üzüm sortlarının köklərində mikroorqanizmlərin öyrənilməsi və kompleksdavamlı formaların aşkar edilməsi” mövzusunda  doktorluq dissertasiyası müdafiyə etmiş və 2013-cü ildə “Mikrobiologiya” və “Genetika” ixtisasları üzrə biologiya elmləri  doktoru elmi dərəcəsi almışdır. Bir sıra monoqrafiyaların elmi redaktorlarından biri olmuşdur (Azərbaycanın aborigen və introduksiya olunmuş üzüm sortları-2008-ci il, Azərbaycanda üzümçülük-2010-cu il, Azərbaycanın üzüm sortları-2012-ci il, Təcürbəvi mutagenez və hibridləşmə yolu ilə orta lifli pambıqların yeni formalarının yaradılması-2012-ci il). Bir nəfər biologiya elmləri namizədi hazırlamışdır.

18 aprel 2020-ci ildə vəfat etmişdir.