НОВОСТИ
16:15, 10.11.2020
Azərbaycanın doğru yolu və Cənubi Qafqaz regionunun gələcək inkişaf perspektivləri

Siyasi müdriklik və siyasi varisliyin vəhdəti, şəxsiyyətlərin cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın və dövlətin həyatında əvəzedilməz rola malikdir. Türkiyənin dövlət xadimi Bülənt Ecevit Heydər Əliyevin müdrikliyi haqqında fikirlərini əsaslandırarkən demişdir: “Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir”. Azərbaycanın müstəqilliyinin qorunub saxlanması və dayanıqlı iqtisadi–siyasi strategiyanın möhkəm bazasının qurulması yolunda ulu öndər Əliyevin misilsiz xidmətləri, zaman keçdikcə xalqı üçün hansı xoşbəxtliyi bəxş etdiyi artıq göz önündədir. Bunların mahiyyətinə vararkən zərurət yaranır ki, dahi şəxsiyyətin dövlətçilikdə varisliyə etdiyi töfhə Azərbaycan xalqının tarixi taleyi ilə bir arada öyrənilməli, qiymətləndirilməlidir. Çünki qurulmuş dövlətçiliyin keşiyində möhkəm dayanmaq üçün Azərbaycan xalqına ağıllı, tədbirli, yüksək intellektli siyasi varisin bəxş edilməsi dünya tarixinin nadir şərəfli hadisələrindəndir. Prezident İlham Əliyev siyasi varis olaraq özünün milli düşüncəsi, planetar təfəkkürü və siyasi iradəsi ilə dövlətçilikdə varislik anlayışına yeni yanaşma, yeni izah gətirdi. O, ağıllı güc və xalq-lider birliyinin harmoniyasını yaratmaqla Vətən təəsübkeşliyinin xalqlar üçün örnək olacaq Azərbaycan modelini formalaşdırdı. Qafqazda Azərbaycanın “ağıllı gücü”. Sülh-müharibə-sülh Məlumdur ki, Azərbaycan xalqını və bütövlükdə regionu ciddi narahat edən ən böyük problem Ermənistanın təcavüzü və bunun ağır fəsadlarıdır. Uzun illər ABŞ, Rusiya və Fransanın Dağlıq Qarabağ məsələsində mövqelərinin üst-üstə düşməsi də görünən həqiqətlər idi. Cənubi Qafqaz regionunda işğalçının törətdiyi fəsadlara dair suallar elə beynəlxalq siyasətin konturlarını təyin edən ölkələr tərəfindən bu günədək açıq olaraq qalmaqdadır. Azərbaycan Prezidentinin, xalqının, regionun təhlükəsizliyinin təmini üçün dünya qarşısında qoyduğu tələblər və bu tələblərə olan münasibət göstərdi ki, Minsk qrupunun fəaliyyəti Azərbaycana işğal faktını qəbul etdirməyə hesablanıb. Minsk qrupunun üzvlərindən Fransa açıq şəkildə ermənipərəst mövqe tutaraq bu ölkənin parlamentində “erməni soyqırımı”nı tanıdı, ölkədə islamofobiya və türkofobiya dövlət siyasəti səviyyəsinə qaldırıldı, son hadisələr zamanı erməni feyklərinin beynəlxalq gündəmə Fransa prezidenti vasitəsilə gətirilməsi isə bu dövlətin real siyasi mövqeyini ortaya qoydu. Rusiya Ermənistanı, hətta atəşkəs vaxtı belə təcavüzkarı silahlandırmaqda davam edərkən regionda terrorçu qruplaşmanın fəaliyyətinə bilavasitə yardımçılıq missiyası həyata keçirdi. ABŞ uzun illər Dağlıq Qarabağdakı işğalçı rejimə birbaşa yardımlar ayırıb, prezidentliyə namizədlər ABŞ-dakı erməni əsilli seçicilərin maraqlarını ABŞ-ın regiondakı maraqlarından üstün tutmuşdur. Azərbaycana qarşı məlum 907-ci düzəliş ədalətsizcəsinə tətbiq edildi. Beləliklə, heç bir həmsədr Azərbaycanın Cənubi Qafqazdakı ədalət və sülhün təmin olunması mövqeyinə münasibətdə qərəzli mövqeyindən əl çəkməmişdir. Belə olan halda Azərbaycan Prezidentinin hadisələri əhatəli siyasi-analiz etməsi, elmi, ictimai–siyasi qüvvələrin isə Minsk qrupunun fəaliyyətinə etirazı tam əsaslı idi. Hətta Qoşulmama Hərəkatında Azərbaycanın müxtəlif beynəlxalq qurumlara olan örnək mövqeyini ifadə edən çoxvektorlu diplomatiyasının effektivliyindən nəticə çıxarılmaması bir daha Qərbin dominantlığı ilə yaranmış müasir dünya nizamındakı çirkabı üzə çıxardı. Terrorizmə belə dəstək erməni işğalçılarının Qafqazda daha da azğınlaşmasına gətirib çıxardı. Nəhayət 27 sentyabr 2020-ci ildə erməni terrorist qruplaşmalarının Azərbaycan ərazilərinə hücumu üç ay ərzində üçüncü təxribatın həyata keçirilməsinə səbəb oldu. Bu, onu göstərirdi ki, terrorçuluğun və işğalçılığın azğın formasına qədəm qoymuş ermənilər dəstək almaqla bütün Cənubi Qafqazın siyasi mühitinə ağır zərbə vurmağı intensivləşdirir. Təssüflər olsun ki, dünya siyasi məkanında terrorizmə-separatizmə verilən dəstəklə xalqların həyatına vurulan zərbə və bəşəriyyətin gələcəyinin uçuruma aparılmasının obyektiv təhlil olunması iflasa yuvarlanmışdır. Sanki dünyada sabitlik, ədalətin bərqərar olunması, davamlı inkişaf və əməkdaşlıq yalnız Azərbaycana lazımdır. Bütün bu mənfi yanaşmaların strateji və məntiqli təhlilini Azərbaycan tərəfindən apararkən haqlı olaraq belə qənaətə gəlinmişdir ki, Azərbaycan dövləti öz gücü, iradəsi, milli kimliyi və malik olduğu siyasi potensialı ilə öz tarixi taleyini həll etməlidir. Çünki xalqın öz iradəsini ortaya qoymaq kimi toxunulmaz haqqı vardır. Belə tarixi şəraitdə Azərbaycan xalqı xalq-müdrik siyasi xadim birliyinin ağıllı gücə əsaslanan vəhdətinin yaradılmasına nail olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsini bütövlükdə bu istiqamətə səfərbər etməsi də xalqımızın ərazi bütövlüyünü, regionun sabitliyini və inkişafını təmin etmək kimi tarixi missiyanı həyata keçirməkdən qaynaqlanırdı. Çünki təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın buna çox ehtiyacı var. Prezident İlham Əliyev oktyabrın 26-da Fransanın “Figaro” qəzetinə müsahibəsi zamanı hərbi əməliyyatlara Ermənistanın başlamasını təhlil edərək bildirmişdir ki, “erməni terrorçu qruplaşması, hətta dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istədilər”. Bu, siyasi baxımdan Qafqaz regionunda erməni terrozminin beynəlxalq təhlükəlilik dərəcəsini müəyyənləşdirən addım idi. Məlumdur ki, Trans-Adriatik Boru Kəməri, Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək idi. Növbəti - avqust ayında azərbaycanlılara qarşı terror aktları törətməyi planlaşdıran diversiya qrupunun göndərilməsi isə siyasi azğınlaşmanı pik həddə çatdırmışdır. Hadisələrin mahiyyəti onu göstərdi ki, belə özbaşınalığa qarşı heç bir ölkənin münasibətinin olmaması Ermənistanın güddüyü siyasi məqsədə - status-kvonun dəyişməz olaraq qalmasına, bu eskalasiyaya görə günahı Azərbaycanın üstünə atmaq cəhdlərinə, danışıqların tamamilə pozulmasına, üçüncü ölkələrin münaqişəyə cəlb edilməsinə və münaqişəni beynəlmiləlləşdirmək cəhdləri ücün çox münbit şərait yaradıb. Bu, çox təhlükəli idi və Azərbaycan tarixi ədalətin bərpasına dair öz cavabını gecikdirmədən verməsi region üçün doğru siyasi iradə kimi qəbul edilməlidir. Ermənistan elitasının Rusiya və digər ölkələrdəki lobbisinin qeyri-praqmatik düşüncəsi Valday klubunda, Rusiyanın rəsmi dairələri ilə görüşlərdə və s. beynəlxalq tribunalarda əslində özünün iflasa yuvarlandığını sübut etdi. Qafqazda erməni terrorizminin qarşısının alınmasında Türkiyənin mövqeyini regionda dominantlıq etmək istəyi kimi qərəzli olaraq qələmə vermək cəhdləri isə həmişə olduğu kimi qara qüvvələrin maraq dairəsində idi. Lakin Türkiyənin bölgənin sabitliyindəki roluna dair Azərbaycanın israrlı mövqeyi mühüm əsaslarla izah olunaraq regionun sabitliyinə qarant olduğunu da sübuta yetirdi. Biz prosesin konfiqurasiyasında onu görürük ki, bölgədəki proseslərə dünyanın bir sıra siyasi elitaları erməni avantürasının gözü ilə yanaşaraq bölgənin həlli dalana dirənən problemlərinə bilavasitə yol açmışdır. Əvvəla, geosiyasi tarazlıq pozularkən o hal nəzərə alınmamışdır ki, Azərbaycan enerji layihələrinin və daşımaların regional mərkəzə çevrilməsi ilə region və dünya üçün güclü iqtisadi təmərgüzləşmənin və strategiyanın əsasını qoyub. Bununla da Azərbaycandan keçən neft və qaz kəmərləri zaman keçdikcə region və dünya üçün çox mühüm enerji təhlükəsizliyinin mənbəyinə çevrilib. Azərbaycan ağıllı güc anlayışında özünü təsdiq etmiş ölkədir. Coğrafi və infrastruktur nöqteyi-nəzərdən isə bu gün regionda əsas tərəfdaş rolunda çıxış edir. Uğurlu strategiyanın öz nəticələri isə güclü iqtisadi bazanı yaratmaqla, vahid ideologiyanın və qüdrətli hərbi potensialın formalaşmasını tam mənası ilə şərtləndirmişdir. Bunların fonunda güclü lider anlayışı həlledici rola malik olduğu üçün Azərbaycanın işğal olunmuş ərazilərindəki qələbələri özünü gecikmədən göstərdi. Acı məğlubiyyətini qəbul edə bilməyən Ermənistan birinci dəfə oktyabrın 10-da Moskva şəhərində atəşkəs elan olunandan dərhal sonra atəşkəsi kobud şəkildə pozaraq gecə vaxtı Gəncə şəhərinə mülkü əhaliyə, ikinci dəfə isə oktyabrın 17-də ballistik raketdən atəşə tutdular. Ardınca Türkiyənin münaqişədə iştirakına dair dezinformasiyaların yayılması cəhdləri də faktiki olaraq fiaskoya uğradı. Ermənistanın pulsuz silahlandırılması isə münaqişənin Qafqaz regionunda daha ağır fəsadlarına səbəb olan amil kimi Ermənistanın avantüradan qaynaqlanan siyasətini iflas etdi, onun havadarlarının gülünc və bəsit siyasətlərini ifşa etdi. Çünki Ermənistan havadarları tərəfindən avantürist siyasətin qurbanına çevrildiyini zamanında anlamamışdır. Erməni terrorizminin xisləti bu səbəblərdən fiaskoya məhkum idi. Cənubi Qafqaz sağlam siyasi mühitə qədəm qoyur Son vaxtların siyasi prosesləri göstərdi ki, Azərbaycan Qafqazda sağlam siyasi və iqtisadi mühitin yaranmasının bilavasitə təminatçısıdır. Erməni terrorçu qruplaşmalarının işğalçı xislətinin bütün dünya üçün təhdid olmasını bəyan edərkən dünyada məlum qüvvələrin şantaj cəhdlərini diplomatiyamız hətta qıra bilmiş və onilliklərlə dünyada təhlükəli tendensiyaların vüsət almasında maraqlı qüvvələrin niyyətlərini puça çıxarmışdır. Məlumdur ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Buna görə Azərbaycanın işğal olunmuş ərzilərinin boşaldılması kimi qətnamələr əsas istinad edilən sənəd kimi faktiki icra olunmamış qalmışdır. Azərbaycan həmişə olduğu kimi, bu gün də Qarabağda insanların ləyaqət və sülh içində, azərbaycanlı və erməni icmalarının yanaşı təhlükəsiz şəraitdə yaşaması kimi humanist mövqeyi həmsədrlər tərəfindən qiymətləndirilməmişdir. Ermənistan da daxil olmaqla, indiyədək heç kimin “Dağlıq Qarabağ Respublikası”nı tanımadığı halda Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması kimi sərsəm ideyanın himayə edilməsinin dünyaya utanc gətirən addımdan başqa bir ada malik olmadığını məhz Azərbaycanın qətiyyətli milli iradəsi sübut etdi. Siyasi proses göstərdi ki, belə yanaşmaya adekvat cavabı böyük sınaqlardan keçmiş Türkiyə və Azərbaycanın siyasi iradəsi verə bilərdi. Maraqlıdır ki, bölgədə sülhün təmin olunması üçün Türkiyənin ortaya qoyduğu ədalətli mövqe onun regionda dominantlıq etmək istəyi kimi qələmə verilməsi cəhdləri yarandı. Lakin Azərbaycanın doğru yolu onda idi ki, hətta Ermənistanla müharibə dayanandan və siyasi nizamlama həyata keçiriləndən sonra Türkiyənin bölgənin sabitlik, inkişaf üçün roluna dair konsepsiyanı qəbul etdirə bilmişdir. Çünki regionda mövcud bütün kommunikasiyaların hədəfləri məhz Türkiyənin iştirakı ilə sülh və əməkdaşlığa yönəlib. Ermənistanın isə avantürası bu ölkəni təcrid olunma kimi acı taleyə məhkum etdi. O da məlumdur ki, Paşinyan hakimiyyətə gəlməzdən əvvəl Ermənistan liderləri ilə müzakirə olunan sülhməramlı planda kommunikasiyalara istinad var idi. Prezident İlham Əliyev bu məsələyə münasibətdə demişdir: “Sülh sazişi imzalanandan sonra bütün kommunikasiyalar açılır, o cümlədən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında. Bu da Türkiyənin, Azərbaycan və Mərkəzi Asiya ilə quru əlaqəsi olacaq. Bir neçə il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolu tikildi. Bütün kommunikasiyalar açılacaq. Düşünürəm ki, Ermənistan hökuməti əhalini Türkiyə ilə qorxutmağa çalışmamalı, türk və Azərbaycan xalqlarına olan nifrət dayandırılmalıdır. Gürcüstan isə regionda böyük investor, ən böyük vergi ödəyicisi kimi bu əməkdaşlıqda uzun illərdir ki, iştirak edir. Bütün əsas nəqliyyat və enerji kommunikasiyamız Gürcüstan ərazisindən keçir. Gürcüstanda böyük azərbaycanlı icması var, 300 minə yaxın. Ona görə də münasibətlər mükəmməldir. Yeri gəlmişkən, Gürcüstanın xristian, Azərbaycanın müsəlman ölkəsi olması faktının heç bir fərqi yoxdur. Azərbaycan regiona bu nöqteyi-nəzərdən baxmır”. Beləliklə Azərbaycanın bu istiqamətdəki siyasəti bilavasitə Cənubi Qafqaz regionu ücün prioritet olaraq gələcək hədəfləri müəyyən edən siyasətdir. Roma Katolik Kilsəsinin başçısı, Zati-müqəddəsləri Papa Fransiskin Bakıda bunları əyani olaraq görərkən ictimaiyyət qarşısında bəyanatla çıxışında Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqdakı rolunu yüksək qiymətləndirmişdir. Bu, Cənubi Qafqazda ən böyük sabitlik adası kimi Azərbaycanın reallaşdırdığı layihələrin nəticəsində mümkün olmuşdur. Çünki Azərbaycanda müxtəlif dinlərin bütün nümayəndələri, o cümlədən ermənilər sülh və harmoniya şəraitində yaşamış, Bakının mərkəzində isə bərpa olunmuş və hökumət tərəfindən qorunan erməni kilsəsi bu gün də qalmaqdadır. Azərbaycan regiona yeni reallıqlar gətirib Azərbaycan nəinki regionda, dünya dövlətləri içərisində öz qüdrətini təsdiq edib. Yaxın 30 ilin tarixi onu da göstərdi ki, bu mənzərəni qəbul edə bilməyən məkrli qüvvələr təkcə xaricdə deyil, hətta daxildə belə bu nizamı pozmağa maraqlıdırlar. Həqiqətlərin qəsdən təhrif edilməsi, siyasi təfəkkürü bəsit olanların “siyasi oyunbazların” əlində alətə çevrilməsi prosesi indi də getməkdədir. Lakin möhkəm dövlətçilik əsasları və qətiyyətli siyasi liderin iradəsi belə qüvvələrə tarixi dərs verdi. Azərbaycan sübut etdi ki, Cənubi Qafqazda sülhün və sabitliyin davamlı dövlət siyasətinə çevrilməsi hər bir dövlətin qarşısında zəruri məsələ kimi dayanmalıdır. Tarixi hadisələr göstərdi ki, Azərbaycanın regionda belə siyasi kursu ulu öndər Heydər Əliyev hakimiyyətə gəlişinin ilk günlərindən başlamış, Qafqaz və Yaxın Şərq xalqlarının inkişafı naminə mövcud konsepsiya özünü doğrultmuşdur. Bu siyasətin əsasında dahi siyasi xadimin o ideyası dayanırdı ki, “dünyadan təcrid edilməyə xidmət edən siyasət kursunun heç bir perspektivi yoxdur. Azərbaycanın inkişafı Qafqaz regionunda inteqrasiya prosesləri ilə sıx bağlı olmalıdır. Cənubi Qafqaz isə öz növbəsində dünya siyasi və iqtisadi məkanına inteqrasiya olunmalıdır. Ermənistanın iflası da məhz bu siyasəti dərk etməməsindən irəli gəldi. Deməli, Prezident İlham Əliyevin bu gün regionda erməni işğalçılarından Azərbaycan torpaqlarının azad edilməsinə yönəlmiş ədalətli siyasəti Cənubi Qafqazın sülh, sabitlik və əməkdaşlıq adasına çevrilməsini təmin edən yeganə ağıllı güc olacaqdır. Bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar regionun sabitliyi üçün hər kəs tərəfindən qəbul edilməlidir. Bunun üçün Ali Baş Komandan tərəfindən konkret irəli sürülmüş tələblər isə tarixi siyasi əhəmiyyəti ilə yanaşı, Cənubi Qafqazın yeni konfiqurasiyasını bilavasitə müəyyənləşdirməyə xidmət edir. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının imzaladığı bəyanat Azərbaycanın hərbi-siyasi və diplomatik meydanda qələbə çalmasını təsdiq etdi. Azərbaycanın qalib ölkə olaraq Cənubi Qafqazın yeni inkişaf perspektivlərini müəyyənləşdirən alternativsiz siyasəti birmənalı olaraq qəbul edildi. Yaşasın qüdrətli, şanlı Azərbaycan xalqı və müdrik Ali Baş Komandan!!!

 

İlham MƏMMƏDZADƏ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor

Sənan HƏSƏNOV, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru. dosent

 

 

© www.science.gov.az