НОВОСТИ
15:44, 30.10.2020
AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı ABŞ və Almaniyanın tanınmış elmi mərkəzlərində tədqiqat işi aparmışdır

AMEA Genetik Ehtiyatlar İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Səbinə Mehdiyeva Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin 2019-2020-ci illər üçün elan etdiyi “Fulbrayt elmi-tədqiqat proqramı”-nın və Azərbaycan Milli Elmlər Akademiyasının post-doktorantura tədqiqat proqramının qalibi kimi 3 ay müddətində ABŞ-ın Kaliforniya Universitetində, 12 ay isə  Almaniyanın Leybnits Bitki Genetikası və Kənd Təsərrüfatı Bitkilərinin Tədqiqatı İnstitutunda tədqiqat işi aparmış və molekulyar sitogenetikanın ən müasir üsullarını öyrənmişdir.

S.Mehdiyeva ABŞ-ın Kaliforniya Universitetində (Riversayd) Botanika və Bitki elmləri şöbəsində, professor Adam Lukaşevskinin rəhbərlik etdiyi  laboratoriyada “Buğdanın F1 poligenom hibridlərində meyoz prosesinin molekulyar sitogenetik metodlarla tədqiqi” mövzusunda elmi işini uğurla tamamlamışdır. Tədqiqat işində üçcinsli buğda hibridlərində müxtəlif dənli bitkilərin hibridləşmə nəticəsində eyni nüvədə cəmlənmiş genomlarının və ya onlara aid xromosomların meyoz prosesindəki  davranışları öyrənilmişdir.

AMEA-nın post-doktorantura tədqiqat proqramı çərçivəsində isə S.Mehdiyeva bir il müddətində Leybnits Bitki Genetikası və Kənd Təsərrüfatı Bitkilərinin Tədqiqatı İnstitutunun Xromosom Strukturu və Funksiyası qrupunun professoru Andreas Hubenin rəhbərlik etdiyi laboratoriyada “Tritikale-buğda yuxarı nəsil hibridlərinin molekulyar sitogenetik tədqiqi” mövzusunda tədqiqat işini yerinə yetirmişdir. Həmin proqram çərçivəsində tritikalenin növdaxili və cinslər arası yuxarı nəsil hibrid və stabil xətlərinin genom tərkiblərinin müasir molekulyar sitogenetik metodlarla tədqiqi aparılmışdır. Aparılan molekulyar sitogenetik tədqiqitlarda İSH metodikasının ən son modifikasiyalarından olan müxtəlif oliqozondların hibridləşməsilə denaturasiyasız FİSH/GİSH prosedurlarından (nondenatured FISH/GISH or ND-FISH) istifadə edilmişdir.

S.Mehdiyeva hər iki səfər proqramı çərçivəsində molekulyar sitogenetika və genetika aid bir sıra ən müasir tədqiqat metodlarını (İmmunoFİSH, FİSH əsaslı CRİSPR/Cas9) mənimsəmişdir. Səfər müddətində AMEA Genetik Ehtiyatlar İnstitutu ilə ABŞ-ın Kaliforniya Universiteti və Almaniyanın Leybnits Bitki Genetikası və Kənd Təsərrüfatı Bitkilərinin Tədqiqatı İnstitutu arasında elmi əməkdaşlığın gücləndirlməsi və beynəlxalq layihələrdə birgə iştirakı məsələləri də müzakirə edilərək razılaşdırılmışdır.   

 

©  www.science.gov.az