НОВОСТИ
11:36, 04.06.2020
Bu gün AMEA Genetik Ehtiyatlar İnstitutunun 2-ci kurs magistrantlarının dissertasiya işlərinin ilkin müzakirəsi keçirilmişdir
AMEA Genetik Ehtiyatlar İnstitutunun 2-ci kurs magistrantlarının dissertasiya işlərinin ilkin müzakirəsi karantin rejiminin tələblərinə uyğun olaraq onlayn formada keçirilmişdir. Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, elmi işlər üzrə direktor müavini, b.ü.f.d. Mehrac Abbasov, elmi katib, b.ü.f.d. Natavan Kələntərova, təhsil şöbəsinin müdiri, b.ü.f.d. Vüsalə İzzətullayeva, beynəlxalq əlaqələr və media şöbəsinin müdiri, b.ü.f.d. Ayaz Məmmdov, kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları şöbəsinin müdiri, b.ü.f.d. Vəli Qarayev, insan genetikası şöbəsinin müdiri Bayram Bayramov, magistrların elmi rəhbərləri və həmçinin AMEA-nın elm və təhsil idarəsinin rəis müavini, t.ü.f.d. Hüseyn Hüseynov və həmin idarənin magistratura şöbəsinin müdiri, a.ü.f.d. Fikrət Feyziyev iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Z.Əkpərov karantin dövrünün yaratdığı çətinliklərə görə seminarın onlayn formada keçirilməsinin zəruriliyini bildirdi, həmçinin iştirakçıların seminarda aktiv iştirak etməsini və təqdim olunacaq dissertasiya işlərinin hərtərəfli müzakirə olunmasının vacibliyini vurğuladı. Z.Əkpərov qeyd etdi ki, İnstitut bu il öz tarixində 4-cü magistr buraxılışını 2 ixtisas (insan genetikası və genetika) üzrə həyata keçirəcəkdir. O bildirdi ki, magistrantlar tərəfindən planlaşdırılan bütün tədqiqatlar vaxtında yerinə yetirilmiş və onlar imtahanları uğurla vermişlər.
Daha sonra magistrantlara söz verildi və magistr Leyla İbrahimova “Yoğun bağırsağın adenomatoz polip mənşəli şişlərində DNT reparasiya genlərinin tədqiqi”, Fərid Məmmədli “Hepatosellular karsinoma xəstəliyinin molekulyar genetik identifikasiyası”, Xədicə Bayramova “Model orqanizmlərdə ortoloji genlərin kodon tərkibinin müqayisəli analizi” və Nahid Nəzərov “Nar genomunun gen tərkibinin digər ali bitkilərlə müqayisəli tədqiqi” mövzularında yerinə yetirdikləri dissertasiya işlərinin mühüm məqamlarını seminar iştirakçılarının diqqətinə çatdırdılar.
Magistrların yüksək səviyyədə təqdimatları və verilən suallara cavabları bütün seminar iştirakçıları tərəfindən müsbət qiymətləndirdi və onların əsas müdafiyəyə buraxılmaları məqsədəuyğun hesab edildi.
 
 
© www.genres.az