НОВОСТИ
18:23, 17.04.2020
AMEA-nın müxbir üzvü Zeynal Əkpərov: “Milli bitki genofondunun mühafizəsi və tədqiqi fasiləsiz davam etdirilir”

AMEA-nın Genetik Ehtiyatlar İnstitutu öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi ilə bağlı tələblərinə uyğun olaraq qurub.

Bu barədə institutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov müsahibəsində məlumat verib. Alim bildirib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün karantin rejimi kənd təsərrüfatı bitkilərinin mövsümə uyğun olaraq əkini və becərilməsi ilə əlaqədar olan işlərə maneə yaratmır. O, qeyd edib ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 29 mart 2020-ci il tarixli sərəncamına uyğun olaraq institutun ərazisində və regionlarda yerləşən elmi-tədqiqat bazalarında mədəni bitkilərin və onların yabanı əcdadlarının 10 mindən artıq nümunəsinin becərilməsi və tədqiqi üzrə fəaliyyətlər xüsusi əmək rejiminin qaydalarına riayət edilməklə davam etdirilir.

Z.Əkpərovun sözlərinə görə, rəhbərlik etdiyi qurumun əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin müxtəlif qurumları ilə birlikdə institut alimlərinin yaratdıqları sortların müsabiqəli sort sınağı və digər pitomniklərdə öyrənilməsi işini davam etdirir, rayonlaşdırılmış sortların orijinal toxum və ting materiallarını hazırlayır, bitkilərin məhsuldarlığı, abiotik və biotik stres amillərə davamlılığı haqqında alınan məlumatları təhlil edir.

Bununla yanaşı, institutun xüsusi mühafizə olunan dövlət təbiət obyekti statusu almış Milli genbankı və müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyaların yerləşdiyi inzibati binası, o cümlədən əkin sahələri növbəlilik əsasında mühafizə olunur, burada karatin rejiminin tələblərinə ciddi riayət edilməklə kənd təsərrüfatı bitkilərinin suvarılması və digər aqrotexniki qulluq işləri həyata keçirilir.

“Karantin müddətində institut alimləri əvvəlki illərdə və cari ilin yanvar-fevral aylarında əldə etdikləri elmi nəticələrin statistik analizini aparır, yerli və beynəlxalq jurnallar üçün məqalələr hazırlayırlar. 2020-ci ilin ilk rübündə institut alimlərinin 5 məqaləsi beynəlxalq bazalara daxil olan jurnallarda dərc edilib. Müəssisənin müxtəlif şöbələrinin əməkdaşları tərəfindən hazırlanmış 10-dan artıq məqalə isə beynəlxalq jurnallara təqdim edilib." - deyə Z.Əkpərov vurğulayıb.

Alim qeyd edib ki, bundan başqa, institutun elmi əsərlərinin yeni nömrəsi üçün məqalələr toplanıb və hazırda onların onlayn yoxlanılması həyata keçirilir. Karantin müddətində institut alimlərinin “Elmi kadrlar” Milli İnformasiya sistemində qeydiyyatı və elektron kabinetlərinin yaradılması üzrə də işlər görülüb və 50-dən artıq əməkdaşın məlumatları elektron qaydada təsdiq edilib. 

Onun sözlərinə görə, institutun magistraturasında distant olaraq tədrisin davam etdirilməsi ilə yanaşı, professor-müəllim heyəti tərəfindən dərslik, monoqrafiya və kitabların yazılması da həyata keçirilir. “Molekulyar genetika” ixtisası üzrə hazırlanmış dərs vəsaitinin və “Azərbaycan buğda genofondu” adlı monoqrafiyanın redaktə işləri tam yekunlaşdırılıb, həmçinin “Genomika” və “Bitkilərin seleksiyası” adlı dərs vəsaitlərinin və bir neçə monoqrafiyanın hazırlanmasına başlanılıb.

Z.Əkpərov mütəmadi olaraq şöbə və elmi bazaların müdirləri, eləcə də doktorant, dissertant və magistrantların elmi rəhbərləri ilə əlaqə saxladığını və mövcud problemləri müzakirə etdiklərini diqqətə çatdırıb.

İnstitut direktoru ölkə rəhbərliyinin koronovirusla bağlı həyata keçirdiyi tədbirləri olduqca yüksək qiymətləndirdiyini və xalqımızın tezliklə bu vəziyyətdən çıxacağına inamını ifadə edib. O, əlavə edib ki, karantin müddəti bitdikdən sonra əməkdaşlar ölkəmizin davamlı inkişafı üçün elmi-tədqiqat və tətbiqi işlərini daha böyük əzmlə davam etdirəcəklər.