НОВОСТИ
12:58, 03.04.2020
AMEA Genetik Ehtiyatlar İnstitutunda magistrlara distan təhsil davam etdirilir

Azərbaycan Respublikası ərazisində yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il mart ayının 3-dən AMEA-nın magistraturasında tədris prosesi müvəqqəti olaraq dayandırılmışdır. AMEA-da təhsil alan magistrantlar üçün təhsil prosesinin müəyyən olunmuş müddətlərdə həyata keçirilməsini, həmçinin tədris olunan fənlərin tədris planlarında nəzərdə tutulmuş həcmdə mənimsənilməsini təmin etmək məqsədilə AMEA prezidentinin 29 mart 2020-ci il tarixində 114 nömrəli sərəncamı verilmişdir. AMEA prezidentinin sərəncamı əsas götürülərək AMEA Genetik Ehtiyatlar İnstitutunda təhsil alan magistrantlar üçün təhsilin distant formada davam etdirilməsi məqsədilə müvafiq əmr hazırlanmış, İnstitutun təhsil şöbəsinə, professor-müəllim heyətinə təlimat verilmiş və distant təhsilə nəzarətin təşkil edilməsi təmin edilmişdir. Genetik Ehtiyatlar İnstitutu AMEA-da magistraturanın yaradıldığı ilk 7 təşkilatdan biridir və hal-hazırda İnstitutda dünyanın tanınmış universitetlərinin tədris proqramlarına uyğun olaraq formalaşdırılmış xüsusi proqramlarla 4 ixtisas (Genetika, İnsan genetikası, Bitkilərin seleksiyası, Bitkilərin mühafizəsi) üzrə magistrant hazırlığı aparılır. Tədris prosesi seçilmiş professor-müəllim heyəti tərəfindən müasir avadanlıq və cihazlarla təmin olunmuş laboratoriyalarda eksperimental və nəzəri olaraq həyata keçirilir. Hazırda institutun I kurs magistraturasında 5, II kursda isə 4 nəfər təhsilini davam etdirir. 29 mart, 2020-ci il tarixindən başlayaraq dərs cədvəlləri əsasında və elektrоn vasitələrdən istifadə olunmaqla həftənin I, III və V günləri online dərslər təşkil edilmiş, II, IV günlər isə magistrantların seminar dərslərinə hazırlaşmaları üçün nəzərdə tutulmuşdur. Genetika və İnsan genetikası ixtisaslarında müxtəlif qruplar üzrə bəzi dərslər (Populyasiya genetikası, Biotexnologiya və gen mühəndisliyi) birləşdirilərək b.e.d. Aybəniz Əliyeva və b.ü.f.d. Sevda Babayeva tərəfindən keçirilir. Digər fənlər isə b.ü.f.d. Elçin Hacıyev, e.i. Bayram Bayramov və e.i. Babək Şahmurad tərəfindən tədris olunmaqdadır. Bitkilərin seleksiyası və Bitkilərin mühafizəsi ixtisaslarında isə müvafiq dərslərin AMEA-nın müxbir üzvü İlham Şahmuradov, b.e.d. professor Ramiz Əliyev, b.e.d. Aybəniz Əliyeva, b.ü.f.d. dosent Xanbala Rüstəmov, b.ü.f.d. Nailə Məmmədova və b.ü.f.d. Eldar Mustafayev tərəfindən distant tədrisi həyata keçirilir. Magistrantlara e-mail vasitəsilə mühazirə mətnləri göndərilir və elektron (zoom, skype və s.) vasitələrdən istifadə edilərək dərslərin izahı verilir. II kursda təhsillərini davam etdirən magistrantlar isə pedoqoji təcrübənin keçirilməsi tələblərinə uyğun olaraq distant şəkildə I kurs magistrantların dərslərinə qoşulur. Pedoqoji təcrübənin rəhbəri Gülarə Hüseynzadə tərəfindən gələcək həftələrdə magistrantların bəzi online dərsləri aparması da planlaşdırılır. II kurs magistrantlar təcrübi işlərini yekunlaşdırmış və hal-hazırda nəticələrin analizi üzrə fəaliyyətlərini davam etdirirlər. Magistrlərin elmi rəhbərləri dissertasiya işlərinin vaxtında yazılıb yekunlaşdırılması üçün distant olaraq öz tövsiyələrini verirlər. İnstitutun magistrantlarından bəzilərinin hal-hazırda rayonda olması və internetin zəif olması səbəbindən bir-sıra problemlər də mövcuddur. Digər problem isə professor-müəllim heyəti tərəfindən böyük zəhmət hesabına hazırlanmış və nəşr olunmamış mühazirə materiallarının açıq internet resuslarına yerləşdirilməsi və yayılması ilə əlaqədardır. İnstitut rəhbərliyi AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinin əməkdaşları ilə müzakirələr aparır və mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən tədbirlər həyata keçirirlər. İnstitutun Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Vüsalə İzzətullayeva tərəfindən professor-müəllim heyətinə və magistrantlara texniki məsələlərdə köməklik göstərilir və ümumi prosesə nəzarət edilir.

 

>>>FOTO

 

© www.genres.az