НОВОСТИ
10:23, 06.05.2026
Genetik Ehtiyatlar İnstitutunda növbəti elmi seminar keçirilib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda 5 may 2026-ci il tarixində növbəti elmi seminar təşkil edilib. Seminarda İnstitutun Rüşeym plazması laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Sevinc Məmmədova “Azərbaycan Milli Genbankı və toxum genbanklarının əsas prinsipləri və əməliyyatları” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Milli Genbankın əsas vəzifələri — mədəni bitkilərin, onların yabanı əcdadlarının, həmçinin nadir və nəsli kəsilməkdə olan yerli sortların toplanması, pasportlaşdırılması və beynəlxalq deskriptorlar əsasında qiymətləndirilməsi diqqətə çatdırılıb. Genetik materialın təhlükəsizliyi üçün hər bir nümunənin unikal inventar nömrəsi ilə qeydiyyata alınması və mütəmadi olaraq dublikatlaşdırılması vurğulanıb.
Toxumların cücərmə faizinin mütəmadi yoxlanılması və ehtiyac yarandıqda regenerasiya prosesinin icra edilməsi, toplanma və emal mərhələlərində karantin prosedurlarının tətbiq olunması, nümunələrin çirklənmədən qorunması üçün beynəlxalq standartlara riayət edilməsi, nümunələrin çoxaldılması zamanı onların ilkin populyasiyanı maksimum təmsil etməsinin təmin olunması barədə məlumat verilib.
Məruzəçi həmçinin genetik materialların paylanmasının hüquqi və fitosanitar qaydalara uyğun tənzimləndiyini, genbank məlumat idarəetmə sistemlərinin tətbiqi ilə məlumatların istifadəçilər üçün əlçatanlığının artırıldığını qeyd edib.
Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb, rüşeym plazmasının mühafizəsi və seleksiya işlərində tətbiqi ilə bağlı suallar cavablandırılıb.