НОВОСТИ
09:52, 29.04.2026
Genetik Ehtiyatlar İnstitutunda növbəti elmi seminar keçirilib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda 28 aprel 2026-ci il tarixində növbəti elmi seminar təşkil edilib. Tədbirdə institutun Tərəvəz və bostan bitkiləri şöbəsinin elmi işçisi Babək Şahmurad Muğanlu “Bioloji tədqiqatlarda statistik testlərin tətbiqi və nəticələrin müqayisəli təhlili” mövzusunda məruzə ilə çıxış edib.
Seminar çərçivəsində bioloji tədqiqatlarda statistik metodların tətbiqi, məlumatların analizi və nəticələrin müqayisəli qiymətləndirilməsi məsələləri ətraflı şərh olunub. Məruzədə elmi məqalələrin beynəlxalq nüfuzlu bazalarda qəbul olunma şansını artıran əsas amillərdən bəhs edilib. Tədqiqat nəticələrinin aydın cədvəllərin, eləcə də Mean, SD, CV% kimi dəqiq statistik göstəricilər və oxunaqlı qrafiklərlə təqdim olunması elmi işin keyfiyyətinə birbaşa təsir edən fundamental faktorlardan olmaları xüsusi vurğulanıb.
Çıxış zamanı ANOVA, korrelyasiya və reqressiya kimi statistik terminlərin düzgün istifadəsi ilə bağlı praktiki məsləhətlər verilib. Eyni zamanda, tədqiqatların planlaşdırılması mərhələsində elmi hipotezin düzgün qurulması, uyğun statistik testlərin seçilməsi və əldə olunan nəticələrin obyektiv interpretasiyasının vacibliyi diqqətə çatdırılıb.
Bundan əlavə, məruzəçi bioloji və genetik analizlər üçün nəzərdə tutulmuş müasir proqram təminatlarının (IBM SPSS, SAS, R programming, GenAIEx, DARwin, NTSYSpc, PLABSTAT və TASSEL) geniş imkanlarını nümayiş etdirib, onların tədqiqat prosesində effektiv istifadəsi yollarını izah edib.
Seminar iştirakçıların mövzu ilə bağlı suallarının cavablandırılması və qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb. ‎