НОВОСТИ
15:05, 18.02.2026
Genetik Ehtiyatlar İnstitutunda elmi seminar keçirilmişdir
AR ETN Genetik Ehtiyatlar İnstitutunda 18 fevral 2026-cı il tarixində AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru İlham Şahmuradov tərəfindən “Məməlilərin və bitkilərin annotasiya olunmuş mRNT-lərindəki əlavə Açıq Oxuma Çərçivələri məlum olmayan zülallar kodlaşdıra bilərlər” mövzusunda elmi seminar keçirilmişdir.
Məruzədə bildirilmişdir ki, hazırda 3278 heyvan və təxminən 1500 bitki növünün nüvə genomu oxunmuş, “Yer Kürəsinin BioGenomu” layihəsi çərçivəsində növbəti 10 ildə 2 milyon eukariot orqanizminin genomunun oxunması planlaşdırılır. Lakin genomların annotasiyası mürəkkəb proses olub, onilliklər tələb edə bilər.
Seminarda eukariotlarda bir gendən müxtəlif transkript və zülalların törənmə mexanizmləri, CAP-asılı və CAP-dan asılı olmayan (IRES) translyasiya başlanğıc nöqtələri, ximer RNT-lərin yaranma yolları müzakirə edilmişdir. Məruzəçi həmçinin insan, digər məməlilər və bitkilərdə bir mRNT əsasında əlavə polipeptid və ximer zülalların sintezi imkanları üzrə apardığı tədqiqatların nəticələrini təqdim etmişdir.
Seminar iştirakçılar tərəfindən maraqla qarşılanmış, mövzu ətrafında suallar cavablandırılmışdır.