17:40, 11.02.2026
Genetik Ehtiyatlar İnstitutunda elmi seminar keçirilmişdir
AR ETN Genetik Ehtiyatlar İnstitutunda 11 fevral 2026-cı il tarixində “Bioloji qocalmanın və xərçəng xəstəliyinin genetik və digər əsasları” mövzusunda elmi seminar keçirilmişdir. Seminarda institutun baş elmi işçisi, biologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü İlham Şahmuradov çıxış etmişdir.
Seminar zamanı İ.Şahmuradov bioloji yaşlanma (ageing) və hüceyrə qocalması (senescence) anlayışları arasındakı fərqləri izah etmiş, qocalmayan orqanizmlərin mövcudluğu məsələsinə toxunmuş və “qocalma genləri” barədə müasir elmi yanaşmaları iştirakçıların diqqətinə çatdırmışdır. Bununla yanaşı, xərçəng xəstəliyinin əsas tipləri, onun genetik və ya irsi xarakter daşıması məsələsi, eləcə də xərçənglə əlaqəli genlərin təsnifatı haqqında ətraflı məlumat vermişdir.
Tədbirin sonunda məruzəçi seminar iştirakçılarını maraqlandıran sualları cavablandırmış və mövzu ətrafında geniş müzakirələr aparılmışdır.