
16:02, 26.09.2025
“27 Sentyabr – Anım Günü” Genetik Ehtiyatlar İnstitutunda qeyd olunmuşdur.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda (GEİ) 26 sentyabr 2025-ci il tarixində “27 sentyabr – Anım Günü”nə həsr olunmuş yubiley tədbiri keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanılmışdır.
Daha sonra institutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov çıxış edərək bildirmişdir ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti hərbi təcavüzə cavab olaraq Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlamışdır. 44 gün davam edən Vətən müharibəsi xalqımızın sarsılmaz birliyi və Müzəffər Ordumuzun qəhrəmanlığı sayəsində şanlı Qələbə ilə başa çatmışdır. İşğal altında olan torpaqlarımız azad edilmiş, ərazi bütövlüyümüz bərpa olunmuşdur. Bu Zəfər həm də tarixi ədalətin bərpası kimi Azərbaycan dövlətçiliyinin gücünü bütün dünyaya nümayiş etdirmişdir.
O, həmçinin əlavə etmişdir ki, Anım Günü tədbirlərinin keçirilməsində əsas məqsəd şəhidlərimizin müqəddəs xatirəsini əbədiləşdirmək, onların qəhrəmanlığını daim yaşatmaq və gənc nəsildə vətənpərvərlik, milli həmrəylik duyğularını daha da möhkəmləndirməkdir.
Tədbirdə institutun doktorantı Abbasova Şəkinə də çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqının tarixində mühüm dönüş nöqtəsi olan Vətən müharibəsinin başlanmasından artıq 5 il ötür. Bu illər ərzində yaşanan qələbə sevinci, qəhrəmanlıq nümunələri və milli birlik yaddaşlardan heç vaxt silinməyəcək.
O, vurğulamışdır ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı 30 illik həsrətə son qoymaq, doğma torpaqlarını işğaldan azad etmək naminə ayağa qalxmışdır. 44 gün davam edən Vətən müharibəsi şanlı Zəfərlə başa çatmışdır. Bu Qələbə yalnız torpaqlarımızın azadlığı deyil, həm də tarixi ədalətin bərpası və milli qürurun dirçəlişi olmuşdur. Gənc alim çıxışında qeyd etmişdir ki, qəhrəman əsgərlərimizin və şəhidlərimizin fədakarlığı sayəsində Azərbaycan dövləti gücünü, xalqımız isə birlik və həmrəyliyini bütün dünyaya nümayiş etdirmişdir. Əldə olunan bu möhtəşəm Qələbə gələcək nəsillərə örnək, xalqımızın milli iradəsinin təntənəsi kimi tarixdə daim yaşayacaq.
Sonda şəhidlərin xatirəsinə və Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş videoçarx nümayiş etdilmişdir.