НОВОСТИ
16:30, 16.09.2025
Genetik Ehtiyatlar İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilmişdir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda 16 sentyabr 2025-ci il tarixində Elmi Şuranın növbəti iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov gündəlikdə olan məsələlər haqqında Şura üzvlərinə və iştirakçılara məlumat vermişdir. Gündəliyə uyğun ilk olaraq iddiaçı Hüseynova Lalə Saməddin qızının “Genetika” ixtisası üzrə təqdim etdiyi dissertasiya işinin Elmi Seminar Şurasında müzakirə olunmasına dair protokolu Elmi Şurada təsdiq olunmuşdur.
Sonra 19-22 avqust 2025-ci il tarixlərində Gəncə şəhərində keçirilmiş “2-ci Mirzə Göygöl Beynəlxalq Bitki Genetik Ehtiyatları” Simpoziumunun yekunları müzakirə olunmuş, tədbirin ölkə elminin inkişafına və beynəlxalq əməkdaşlıqların genişlənməsinə verdiyi mühüm töhfələr xüsusi vurğulanmışdır.
İclasda həmçinin yeni elmi-tədqiqat ilinə hazırlıq məsələləri, elmlər və fəlsəfə doktorluğu proqramlarına qəbulun nəticələri Şura üzvlərinin diqqətinə çatdırılmışdır. Bildirilmişdir ki, 3 nəfər əyani, 1 nəfər qiyabi təhsil üzrə olmaqla ümumilikdə 4 nəfər imtahanda yüksək nəticə əldə etmişdir.
Daha sonra institutun Tərəvəz və Bostan bitkiləri şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Sabir Həsənovun rəhbərliyi ilə 13-21 avqust və 20-27 avqust 2025-ci il tarixlərində hollandiyalı tədqiqatçılarla birlikdə Azərbaycan Respublikası ərazisində həyata keçirilmiş beynəlxalq ekspedisiyaların nəticələri təqdim olunmuşdur.
İclasın sonunda gündəlikdə duran məsələlər geniş müzakirə olunmuş və hər biri üzrə müvafiq qərar qəbul edilmişdir.