НОВОСТИ
16:03, 04.11.2024
Genetik Ehtiyatlar İnstitutunda respublika konfransı keçirilib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda (GEİ) 2024-cü il 31 oktyabr-1noyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri Haqqında Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində “Genetik ehtiyatların mühafizəsi və səmərəli istifadəsi” mövzusunda Respublika elmi konfransı keçirilib. GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü, prof. Zeynal Əkpərov tədbir iştirakçılarını salamlayaraq konfransı açıq elan edib. Konfransın əsas mövzuları iqlim dəyişikliklərinin elmi və praktik aspektlərinə həsr olunub. Çıxışlar zamanı iqlim dəyişkənliyi təsirlərinin yumşaldılması məqsədi ilə elmi tədqiqatların genişləndirilməsinin vacibliyi, Bitki Genetik Ehtiyatlarının qorunması və səmərəli isifadəsinin əhəmiyyəti, qlobal iqlim dəyişikliyi fonunda elm sahəsində çalışan mütəxəssislərin səylərinin birləşdirilməsi və kompleks tədqiqatların aparılmasının vacibliyi vurğulanıb. Konfransda təqdim olunan mövzulara dair məruzələr dinlənildikdən sonra məruzəçilərə verilən suallar cavablandırılmaqla geniş müzakirələr aparılıb.

Ümumilikdə GEİ və Azərbaycanın digər elmi müəssisələrinin alim və mütəxəssisləri tərəfindən təşkilat komitəsinə təqdim edilmiş 35 tezis konfrans materialları toplusuna daxil edilib.

Yekunda məruzəçilərə sertifikat təqdim olunub.