НОВОСТИ
16:15, 03.10.2024
İqlim dəyişkənliyinə adaptasiya olunan sortların seçilməsi
30 sentyabr 2024-cü il tarixində Salyan rayonunun Xələc kəndində Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutu (GEİ), Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu (BMTBİ) və Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin (Salyan DAİM) təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Respublikada dəyişkən iqlim şəraitində pambıq sortlarının müqayisəli qiymətləndirilməsi və genetik kolleksiyanın zənginləşdirilməsi mövzusunda tarla seminarı keçirilmişdir.
Seminarda GEİ, BMTBİ, Salyan DAİM, Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyası (APİA) və Salyan Regional Aqrar Təlim Mərkəzinin (ATM) rəhbər və əməkdaşları, emal və istehsal müəssisələrinin mütəxəssisləri və fermerlər iştirak etmişlər.
Seminarı giriş sözü ilə GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Zeynal Əkpərov açaraq tədbir iştirakçılarını salamlamışdır. O, qlobal iqlim dəyişikliyinin aqrar sahədə də ciddi problemlər yaradaraq bitkilərin genetik potensialının reallaşdırılmasına, məhsuldarlığa və keyfiyyətə öz mənfi təsirini göstərdiyini qeyd etmişdir. Həmçinin sözügedən mənfi təsirlərin azaldılmasında stress amillərə davamlı yeni sortların yaradılması və onların müxtəlif fermer təsərrüfatında sınağının keçirilməsi, yerli şəraitə uyğun gələn genotiplərin seçilib yayılmasının ən səmərəli tədbirlərdən biri olduğunu diqqətə çatdırmış və bu məqsədlə GEİ və BMTBİ-də ciddi fundamental və tətbiqi tədqiqatlar aparıldığını bildirmişdir.
APİA-nın sədri Fərid Firidunov pambıq istehsalında xüsusilə də mahlıcın keyfiyyəti, iplik istehsalı üçün tələblər, ixrac yönümlü istehsalın vacibliyi haqqında seminar iştirakçılarını məlumatlandırmışdır.
Seminarda Salyan DAİM-in müdiri Tariyel Atamalıyev rayonda istehsalçıların və kiçik fermerlərin rastlaşdığı əsas problemləri, onların mümkün həlli yollarını vurğulamışdır.
Daha sonra BMTBİ-nin Texniki Bitkilərin Seleksiyası Şöbəsinin müdiri, seleksiya sahəsində tanınmış alim, aqrar elmləri üzrə elmlər doktoru, professor Ələddin Tağıyev yerli pambıq sortlarının tezyetişkənliyi, arpa əkinindən sonra ikinci məhsul kimi əkinə yararlılığı və xarici sortlarla rəqabət qabiliyyətinə malik olduğunu iştirakçıların diqqətinə çatdırmışdır.
Seminarı çıxışı ilə davam etdirən SAS Agro şirkətinin nümayəndəsi Ali Değer pambıq əkini ilə məşğul olan istehsalçıların və fermerlərin əkin dövriyyəsi, bitkilərə aqrotexniki qulluq və xüsusilə də xəstəlik və zərərvericilərlə mübarizədə məlumatlı olmadıqlarını, ciddi səhvlərə yol verildiyini və bu sahədə aqrar məsləhətlərin gücləndirilməsinin vacibliyini qeyd etmişdir.
Müzakirələrdən sonra yerli və xarici pambıq sortlarının əkildiyi sahələrə baxış keçirilmiş və sortların sahədə qiymətləndirilməsi aparılmışdır.
Tədbirin yekununda istehsalçıların üzləşdiyi mühüm problemlərin həlli üçün gələcəkdə birgə fəaliyyətlərin və əməkdaşlığın gücləndirilməsi istiqamətində müxtəlif təkliflər irəli sürülmüşdür.