НОВОСТИ
11:43, 27.09.2024
Genetik Ehtiyatlar İnstitutunda 27 sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilmişdir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda (GEİ) 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilmişdir.
İlk öncə Respublikanın ərazi bütövlüyünün təmin olunması, uzun müddət işğal altında qalmış ölkə ərazisinin erməni işğalından azad edilməsi yolunda canlarından keçən şəhidlərin ruhları bir dəqiqəlik sükutla yad edilmiş və Dövlət Himni səsləndirilmişdir.
GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü professor Zeynal Əkpərov Vətən müharibəsindəki döyüşlərdə bütün dünyaya qəhrəmanlıq nümayiş etdirən Azərbaycanın mübariz oğul və qızlarına, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış şəhid və qazilərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsindən danışmışdır. O, qeyd etmişdir ki, ölkəmizin ərazi bütövlüyünün qorunması, əzəli torpaqlarımızın düşmən işğalından azad olunması zamanı həyatını itirən şəhidlərimizin əziz xatirələri xalqımız tərəfindən daim uca tutulur və qürurla anılır.
Tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunan videoçarxın nümayişi ilə başa çatmışdır.