НОВОСТИ
15:45, 12.06.2024
İnstitutun əməkdaşları Naxçıvan şəhərində keçirilən Beynəlxalq Elmi-Praktiki Konfransda
Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Elm və Təhsil Nazirliyi Botanika İnstitutu və Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında keçirilən Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Biomüxtəlifliyin dayanıqlığının təmin edilməsində yeni çağırışlar (COP29) - yaşıl dünya və insan sağlamlığı” mövzusunda Beynəlxalq Elmi-Praktiki konfransda Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Ekobotanika və Sistematika şöbəsinin böyük elmi işçisi Vahid Güvəndiyev, elmi işçilər Kəmalə Əsədova və Günel Quliyeva iştirak ediblər.
Əməkdaşlarımız "Quraq ərazilərdə biomüxtəlifliyin qorunması və davamlı istifadəsi" seksiyası üzrə "Quraq ərazilərdə yayılan mədəni bitkilərin yabanı əcdadlarının bəzi taksonları" mövzusunda posterlə çıxış etmişdir. Məruzədə ilk öncə Genetik Ehtiyatlar İnstitutunda biomüxtəlifliyin tədqiqi, qorunması və digər istiqamətlərdə aparılan elmi tədqiqat işləri haqqında, həmçinin quraq ərazilərdə yayılan əcdad bitkilərin taksonomik tərkibi, areallarının dəqiqləşdirilməsi, bioekoloji xüsusiyyətlərinin öyrənilməsi iştirakçıların nəzərinə çatdırlmışdır. Təqdim olunan mövzuya dair suallar cavablandırılmış, geniş müzakirələr aparılmışdır. Digər çıxış və məruzələrin müzakirəsi müvafiq plenar iclaslarda 2 gün ərzində 8 bölmədə dinlənilmişdir.
Konfransın ikinci günü iştirakçılarla birlikdə Şahbuz rayonu ərazisində yerləşən Batabat yaylağına və Zəngəzur Təbiət Qoruğuna ekskursiya təşkil edilmişdir.
Sonda konfransın təşkilatçıları tərəfindən əməkdaşlarımıza sertifikat təqdim olunmuşdur.